Çində zəlzələ nəticəsində ölənlərin sayı artır VİDEO
Pekin, 20 dekabr, AZƏRTAC
Çinin şimal-qərbindəki Qansu vilayətində baş vermiş 6,2 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı artaraq 131-ə çatıb.
AZƏRTAC zəlzələ ilə əlaqədar yaradılmış operativ qərargahın məlumatına istinadla xəbər verir ki, zəlzələdən sonra ən yuxarısı 4,1 bal gücündə 306 afterşok qeydə alınıb. Zəlzələnin episentrinin qonşu Çiinhay vilayətinə yaxın olması səbəbindən hər iki vilayətdə xeyli evə, tikiliyə, infrastruktura, o cümlədən kommunikasiya xətlərinə, avtomobil yollarına ciddi ziyan dəyib. Bəzi yaşayış məntəqələrinə elektrik verilişində fasilələr yaranıb.
Təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam edir. Havaların kəskin soyuq olması axtarışlarda müəyyən çətinliklər yaradır, buna baxmayaraq xilasetmə işlərinə ara verilmir. Bu əməliyyatlara Çin Xalq Azadlıq Ordusunun hərbçiləri də cəlb olunub.
Bölgədə təxliyə olunanların yerləşdirilməsi üçün çadırlar, isti geyimlər, elektrik generatorları və digər lazımi avadanlıq göndərilib. Mərkəzi hökumət və müxtəlif qurumlar təbii fəlakətlə mübarizəyə 100 milyonlarla yuan vəsait ayırıb. Təbii fəlakətdən zərər görənlərin ərzaqla təminatı da diqqət mərkəzindədir. Bu işə dövlət qurumları ilə yanaşı, sahibkarlar, restoran və kafe sahibləri də qoşulublar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin