Çinin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Çinin ölkəmizdəki səfiri Xun Tsyuin ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə 2015-ci ildə Prezident İlham Əliyevin Çinə səfəri, keçirdiyi görüşlər və səfər zamanı imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.
Elmar Məmmədyarov ölkəmizin nəqliyyat və tranzit imkanları haqqında danışaraq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Çinin təşəbbüskarı olduğu “İpək Yolu İqtisadi Kəməri” layihəsinin mühüm hissələrindən biri ola biləcəyini qeyd edib. O, iki ölkə arasında humanitar və turizm sahələrində də əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu deyib.
Nazir beynəlxalq gündəlikdə olan vacib məsələlərə münasibətdə Azərbaycan və Çinin mövqeyinin üst-üstə düşdüyünü qeyd edib, Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan zaman Şura çərçivəsində Çin ilə yaxın əməkdaşlığa malik olduğunu diqqətə çatdırıb.
Səfir Xun Tsyuin ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. O, 2016-cı ilin mayında Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi Menq Jianzu və Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin Azərbaycana səfərlərinin bunun bariz nümunəsi olduğunu bildirib. O, diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
Nazir Elmar Məmmədyarov səfir Xun Tsyuinə Azərbaycan və Çin arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar arzu edib.