MƏDƏNİYYƏT
“City Sightseeing Baku” şirkəti bayram günlərində gecə turları təşkil etməyi planlaşdırır
Bakı, 17 dekabr, AZƏRTAC
Məlumdur ki, “City Sightseeing Baku” şirkəti aprel ayından Bakı şəhərinin sakinləri və qonaqlar üçün ikimərtəbəli üstüaçıq avtobuslarla turlar həyata keçirir. Avtobuslar yay mövsümündə hər gün 11:00-dan 22:00-dək, qış mövsümündə isə 11:00-dan 20:00-dək təyin olunmuş marşrut üzrə hərəkət edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar bayram günlərində təxminən saat 20:00-dan 23:00-dək gecə turları təşkil etmək fikrimiz var. Lakin turların təşkili hava şəraitindən asılı olacaq.
Bu sözləri “City Sightseeing Baku” şirkətinin baş direktoru Əfsun Əhmədov AZƏRTAC-a müsahibəsində deyib.
Bildirib ki, ekskursiya üçün 3 ədəd ikimərtəbəli avtobus ayrılıb. Marşrutlar 15 dayanacaq üzrə, 45 dəqiqə intervalla hərəkət edir və hər bir nöqtədə 2-3 dəqiqə dayanır. Şəhər turu üçün əldə edilmiş bileti 24 saat ərzində “hop on - hop off” sistemi ilə istifadə etmək olar. Yəni, hər kəs istənilən dayanacaqda düşüb növbəti avtobusla ekskursiyanı davam edə bilər.
Avtobuslarda ekskursiyalar xüsusi sistemlə yaradılmış avadanlıq vasitəsilə 8 dildə səsləndirilir.
Şəhər turuna çıxmaq istəyən yerli əhali 10 manat, xarici vətəndaşlar isə 20 manat ödəməlidirlər. Jurnalistlər, otel işçiləri, tələbələr, təqaüdçülər, veteranlar vəsiqəni təqdim etməklə, 6 yaşa qədər uşaqlar və əlil insanlar ekskursiyada pulsuz iştirak edə bilərlər.
Əfsun Əhmədov onu da əlavə edib ki, “Bakı-2015” birinci Avropa Oyunlarına qədər yeni avtobusların alınması nəzərdə tutulub.