Coğrafiya İnstitutunun Elmi şurasında məktəb dərslikləri müzakirə edilib
Bakı, 7 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda direktor müavini dosent Zaur İmrani məktəb dərsliklərinin hazırlanması ilə bağlı çıxış edib. O, təqdim edilən “Coğrafiya 6” (1-ci hissə) və “Coğrafiya 7” (1-ci hissə) kitablarının çapı üçün, həmçinin “Coğrafiya” fənn kurikulumuna rəy verilməsi haqqında fikir bildirərək qeyd edib ki, ümumi təhsil müəssisələrinin şagirdləri üçün yazılan dərsliklərin məzmunu və onlarda şagirdlərə verilə biləcək bilik və bacarıqlar aşağı səviyyədədir.
Coğrafiya İnstitutunun direktoru professor Zakir Eminov bildirib ki, dünyada yeni dərsliklərin və tədris vəsaitlərinin yazılması müasir metodlara, standartlara və qaydalara əsaslanır. Dərsliklərin yazılması dünya praktikasına əsaslanmalı, elmi cəmiyyətlərin qəbul etdiyi və artıq sübut olunmuş fundamental prizmadan baxılmalıdır. Müəlliflərin bilik və bacarıq səviyyəsi, eləcə də təfəkkürləri onlara dərsliyin yazılmasına icazə verməlidir. Bu baxımdan təqdim edilən kitablara müsbət rəy verilməməsi və bu barədə Dövlət İmtahan Mərkəzinə və Elm və Təhsil Nazirliyinə məktub göndərilməsi qərara alınıb.
İclasda, həmçinin bir sıra cari məsələlərə baxılıb.