DÜNYA
Con Keycin melodiyasının akkordları dəyişdirilib
Bakı, 15 fevral, AZƏRTAC
Orqan²/ASLSP musiqi kompozisiyasını ifa edəcək orqanda iki il ərzində ilk dəfə olaraq akkordlar dəyişib. Taxta çərçivəli alətdə 23 ildir ki, amerikalı bəstəkar Con Keycin əsərləri ifa olunur.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, bu həftə səslənməsini bir qədər dəyişdirmək məqsədilə lülə əlavə edilmiş aləti müşahidə etmək üçün insan izdihamı Halberştadt (Almaniya) kilsəsinə toplaşıb.
Con Keyc Orqan Fondu tərəfindən yaradılan və dəstəklənən Organ2/ASLSP pyesi 2001-ci ildə səslənməyə başlayıb və 2640-cı ildə, yəni 600 ildən çox müddətə başa çatacaq.
ASLSP pyesinin premyerası 1985-ci il iyulun 14-də Merilenddəki Kollec Parkda baş tutub. Orqan üçün Organ2/ASLSP opusu 1987-ci ildə yazılıb və 1985-ci ildə fortepianoda adi ifası 20-70 dəqiqə çəkən əsərin uyğunlaşması olub.
Bəstəkarın 1987-ci ildə Metsdə (Fransa) ASLSP ilə debütü 30 dəqiqədən bir qədər az davam edib. Sonrakı ifalar, misal üçün Dayana Luçezenin 2009-cu ildə təxminən 15 saat davam edən çıxışı daha yavaş olub. Lakin Halberştadtdakı çıxış digərlərini üstələyir.
1992-ci ildə vəfat edən Con Keyc eksperimental işlərlə məşhur olub. Bəstəkar musiqiçilər, rəssamlar və xoreoqraflarla, xüsusən də Mers Kanningem ilə əməkdaşlıq edirdi.
Halberştadtda ASLSP-nin uzunmüddətli ifası Keycin irsinə hörmət əlamətidir. Bu həftə akkord dəyişikliyi sayca 16-cıdır, deyə “ARTnews” bildirir. Bu, 2022-ci il fevralın 5-də səslənən əvvəlki akkord dəyişikliyindən düz iki il sonra baş verib. Dinləyicilər 2026-cı il avqustun 5-nə planlaşdırılan növbəti səs dəyişikliyini eşitmək üçün daha iki il yarım gözləməli olacaqlar.