COVID-19: Fransada koronavirus qurbanlarının sayı 95 337-yə çatıb
Paris, 31 mart, AZƏRTAC
Fransada son sutkada COVID-19 infeksiyasından xəstəxanalarda 381 ölüm faktı qeydə alınaraq, koronavirus qurbanlarının ümumi sayı 95 337-yə çatıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb. Bildirilib ki, son 24 saatda xəstəxanalarda 40 500 yeni yoluxma qeydə alınıb, ancaq testlərin cavabı bu rəqəmə daxil edilməyib.
Xəstəxanalarda 28 510 koronavirus xəstəsi olduğu qeyd edilib. Reanimasiya şöbələrinə ağır vəziyyətdə daxil olan xəstələrin sayının artması ölkədə böyük narahatçılıq doğurub. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı 5072-yə çatıb. Reanimasiya şöbələrində xəstələr arasında seçim edildiyi bildirilir. Həkimlər xəstələr arasında seçim aparmağa məcbur olduqları ilə bağlı dövlət rəhbərinə açıq məktub ünvanlayıblar.
Epidemiya başlayandan xəstəxanalarda 292 796 koronavirus xəstəsi sağalıb. Ölkədə epidemiya başlayandan koronavirusa yoluxanların ümumi sayı 4 585 385-ə çatıb.
Ölkədə son günlər kəskinləşmiş sanitar vəziyyətlə bağlı bu axşam Prezident Emmanüel Makronun xalqa müraciəti gözlənilir. Respublika Prezidenti sanitar vəziyyətlə bağlı yeni məhdudiyyət qaydaları barədə məlumat verməlidir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris