COVID-19: Fransada sərt karantin rejimi tətbiq olunacaqmı?
Paris, 29 mart, AZƏRTAC
Heç bir qərar verilməyib. Qarşıdan gələn həftə COVID-19 epidemiyasının 3-cü dalğasından çıxmaq üçün həlledici olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikri Fransa Prezidenti Emmanuel Makron ölkədəki kritik sanitar vəziyyətlə bağlı səsləndirib.
Fransanın iqtisadiyyat naziri Brüno Lö Mer isə fransızların sanitar təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlərin, eləcə də sərt karantin rejiminin tətbiq olunması məsələsinin masanın üstündə olduğunu deyib. Son günlər ölkədə sutkada yoluxma sayının 60 mindən yuxarı olması böyük narahatçılıq doğurub.
Mütəxəssislər tələb edir ki, ölkənin COVID-19 epidemiyasının 3-cü dalğasından çıxması üçün bütün sahələrdə distant iş rejimi tətbiq olunmalıdır. İctimai nəqliyyatın sayı ciddi şəkildə azaldılmalıdır. Pasxa bayramı ilə bağlı uşaqlar üçün 2 həftəlik tətil elan edilməli və təhsil ocaqları bağlanmalıdır.
Fransada aidiyyəti mütəxəssislər tərəfindən COVID-19 epidemiyasının 3-cü dalğasını ləngitmək məqsədilə çağırışlar edilib.
Yanvar və fevral aylarında görülən tədbirlərin səmərəsiz olduğu və virusun sürətlə yayılmasının qarşısının alına bilmədiyi qeyd edilib. Fransada sərt karantin rejiminin tətbiq olunması sual altına alınıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris