Cüdo üzrə milli komandamız Kuba Qran-pri yarışlarını 3 medalla başa vurub
Bakı, 25 yanvar, AZƏRTAC
Kubanın paytaxtı Havanada cüdo üzrə Qran-pri yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışın üçüncü - sonuncu günündə Kuba Qran-prisində Azərbaycana növbəti medalı Elxan Məmmədov qazandırıb.
Turnirdə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov ilk qarşılaşmasında tatami sahibi Yordani Fernandes Sastreyə qalib gəlib. Sonra xorvatiyalı Zlatko Kumriçi mübarizədən kənarlaşdıran E.Məmmədov dörddə bir finalda Almaniya təmsilçisi Karl-Riçard Freyə uduzaraq təsəlliverici görüşlərə qatılıb. Cüdoçumuz bu mərhələnin ilk qarşılaşmasında almaniyalı idmançı Dimitri Petersə qalib gəlib. İkinci görüşündə isə Birləşmiş Ərəb Əmirliklərindən olan cüdoçu İvan Remarenkonu ippon fəndi ilə məğlub edən E.Məmmədov Kuba Qran-prisinin bürünc medalını qazanıb.
Beləliklə, Kuba Qran-prisini cüdo üzrə Azərbaycan milli komandası 3 medalla başa vurub. Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərli (60 kq) və Elxan Məmmədov (100 kq) isə bürünc medal əldə ediblər.