Culi Peter: Yaradıcılığımda yumşaqlıq və sərtlik arasındakı ziddiyyətləri ifadə edirəm
Bakı, 30 aprel, AZƏRTAC
Yaradıcılığım əsasən qadın rəssam kimi şəxsi təcrübələrimə və kişi dominant mühitdə qarşılaşdığım ziddiyyətlərə əsaslanır. Əsərlərimdə yumşaqlıq və sərtlik anlayışlarını bir araya gətirməyə çalışıram. Bəzi işlər ilk baxışda zərif və yumşaq təsir bağışlasa da, onların daxilində kəskin və sərt elementlər də mövcuddur. Mənim üçün bu yanaşma həyatdakı ziddiyyətlərin bədii ifadəsidir — zahirən yumşaq görünən bir şeyin anidən dəyişə bilməsi kimi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında xarici rəssam Culi Peter bildirib.
Rəssamın sözlərinə görə, material seçimi həm şəxsi təcrübəsindən, həm də formalaşdığı incəsənət mühitindən qaynaqlanır: “İncəsənət məktəbində təhsil alarkən mərmər, bürünc kimi daha klassik və “ciddi” hesab olunan materiallarla işləyirdim. Əl işi və ya daha yumşaq materiallardan istifadə isə çox vaxt fərqli qarşılanırdı. Hiss edirdim ki, qadın rəssam eyni işi görəndə bu, daha çox “şirin” kimi qiymətləndirilir, kişi tərəfindən edildikdə isə cəsarətli və maraqlı hesab olunur. Bu səbəbdən zamanla bu yanaşmanı kənara qoyaraq özümə daha yaxın olan materiallar və ifadə formaları ilə işləməyə qərar verdim”.