İQTİSADİYYAT
DAB+ rəqəmsal radionun tətbiqi karbon emissiyasını 2 dəfə azaltmağa imkan verəcək
Bakı, 9 aprel, AZƏRTAC
Radio proqramlarının yayımında karbon emissiyası əhəmiyyətli dərəcədə azaldılıb.
AZƏRTAC “Radio Televiziya yayımı və Peyk rabitəsi” İB-nin yaydığı məlumata istinadən xəbər verir ki, 2019-cu ildə ölkə ərazisində AM radio yayımları dayandırılmaqla daha effektiv FM radio yayımına keçid enerji sərfini, nəticədə karbon emissiyasını 18,6 min tondan 1,3 min tona qədər (14 dəfə) azaltmağa imkan verib.
“DAB+ rəqəmsal radionun tətbiqi isə keyfiyyət və proqram sayının artımı ilə yanaşı, enerji sərfini, nəticədə karbon emissiyasını 1,3 min tondan 0,6 min tona (daha 2 dəfə) azaltmağa imkan verəcək. Belə ki, Azərbaycanda ilk dəfə 26 avqust 2019-cu ildə Bakı Teleqüllə Kompleksində gücü 1 KVt olan DAB+ rəqəmsal verici quraşdırılıb və hazırda 11B tezlik kanalında (218.6 MHs tezliyində) bir paketdə 11 yerli rəqəmsal radio proqramının Bakı şəhəri və Abşeron yarımadasında test yayımı həyata keçirilir”, - deyə məlumatda qeyd olunur.
Nazirlər Kabinetinin 7 oktyabr 2023-cü il tarixli 818s nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı”nın icrası nəticəsində 2026-cı ilədək respublikanın şəhərlərinin və rayon mərkəzlərinin, həmçinin magistral avtomobil yollarının təxminən 70 faizinin və 2027-ci ildə ölkə ərazisinin 99,6 faizinin rəqəmsal radio yayımı ilə əhatə olunması nəzərdə tutulur. Bu prosesin yekunu olaraq ölkə ərazisində rəqəmsal radio yayımına tam keçid təmin ediləcək. Keçid zamanı rəqəmsal radio ilə təchiz olunmuş nəqliyyat vasitələrinin sayı, DAB+ radioqəbuledici qurğuların satışda kifayət qədər olması, həmçinin əhalinin məlumatlılıq səviyyəsi nəzərə alınacaq.
Eyni zamanda, Sərəncamda rəqəmsal radio avadanlıqların ölkəyə idxalının təşviq edilməsi və yayımçılara dəstəyin göstərilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.