DAĞLIQ QARABAĞ MÜHARİBƏSİNƏ HƏSR OLUNMUŞ “FİRƏNGİZ VƏ XANLAR” ROMANININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
“Luç” Rus-Azərbaycan Ədəbi Əlaqələr Assosiasiyasının sədri, filologiya elmləri doktoru, professor Həsən Quliyev V.Tatarenkonun “Azərbaycanın övladları” seriyasından rus dilində çapdan çıxmış “General doğulmurlar”, “General Bərşadlı”, “İkinci həyat” bədii-sənədli romanlarının, həmçinin, Mixail Zabelinlə birlikdə yazdığı, xalqımızın dahi oğlu, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Heydər Əliyev: lider, siyasətçi, dost” kitabının müəllifi olduğunu açıqlamışdır. O, təqdimatı keçirilən kitabın Qarabağ müharibəsində yaxından iştirak etmiş, Zabrat aviasiya müəssisəsinin əməkdaşı, “Mi-24” vertolyotunun komandiri Xanlar Səttarovun və onun gələcək həyat yoldaşı Firəngiz xanımın qəhrəmanlıqlarına, qeyri-adi talelərinə həsr olunduğunu bildirmişdir.
Assosiasiyanın üzvləri Gennadi Salayev, Nina Suxomyas, Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun anası Larisa Kovalyova və başqaları gənc nəşlə Vətənə məhəbbət hisslərinin aşılanmasında, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsində belə kitabların əhəmiyyətini vurğulamış, romanın Azərbaycan dilinə tərcümə olunmasının vacibliyini diqqətə çatdırmışlar.
Əsərin qəhrəmanları - Xanlar Səttarov və Firəngiz xanım Qarabağ müharibəsi xatirələrindən, döyüş yoldaşlarının qəhrəmanlıqlarından danışmış, müəllifə təşəkkür etmişlər.
Sonda V.Tatarenko hazırda Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksək olduğunu və müvəqqəti işğal altında olan ərazilərimizi erməni qəsbkarlarından azad etməyə qadir olduğunu söyləmiş, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Mərasimdə Milli Məclisin deputatı, Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin iştirak etmişdir.