DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ BEYNƏLXALQ HÜQUQ NORMALARI ƏSASINDA HƏLL OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, ATƏT-in hazırkı sədri, Finlandiyanın xarici işlər naziri İlkka Kanerva regiona səfərinin yekunlarına dair fevralın 28-də keçirdiyi mətbuat konfransında demişdir: “ATƏT-in sədri kimi mən deməliyəm ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesini dəstəkləyirəm və əminəm ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında həll olunacaqdır”.
O vurğulamışdır ki, danışıqların formatının dəyişdirilməsinin əleyhinədir. Kanervanın fikrincə, bütün maraqlı dövlətlər anlamalıdırlar ki, münaqişə yalnız dinc vasitələrlə həll oluna bilər. Sədr hesab edir ki, indiki mərhələdə Qarabağ əhalisini danışıqlar prosesinə cəlb etmək hələ tezdir.
ATƏT-in fəaliyyətdə olan sədri bildirmişdir ki, Bakıda keçirilən danışıqların əsas mövzuları ölkədə demokratik islahatların davam etdirilməsi və Azərbaycanla ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi imkanları olmuşdur.
Kanerva vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ilə çox səmərəli görüşlər keçirmişdir. Onun sözlərinə görə, dövlət başçısı və nazir bu il mayın axırında Finlandiyaya rəsmi səfər edəcəklər.
######
