Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün beynəlxalq birliyin səylərinin artırılmasına ehtiyac vardır
Bakı, 8 may (AZƏRTAC). Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün beynəlxalq birliyin səylərinin artırılmasına ehtiyac vardır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Berlində Almaniya Bundestaqının xarici əlaqələr komitəsinin üzvü, ATƏT Parlament Assambleyasının vitse-prezidenti xanım Doris Barnettlə görüşündə demişdir.
ATƏT PA-nın Büro üzvü olan A.Quliyev Almaniyanın Azərbaycanın mühüm tərəfdaşlarından biri olduğunu bildirmiş, Dağlıq Qarabağda erməni və azərbaycanlı əhalinin birgə yaşayışının təmin olunması və bölgənin gələcək statusunun müəyyənləşdirilməsi üçün iki icma arasında etimad mühitinin yaradılmasının önəmini vurğulamışdır.
A.Quliyev Almaniya parlamentində Cənubi Qafqaz ölkələri dostluq qrupunun fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycanın regiondakı siyasi və iqtisadi çəkisini, Almaniyanın əsas tərəfdaşı və Ermənistanla müharibə vəziyyətində olmasını nəzərə alaraq ölkəmizlə bağlı Bundestaqda ayrıca qrupun yaradılmasını təklif etmişdir.
Doris Barnett Almaniya ilə Azərbaycan arasındakı dostluq əlaqələrindən danışaraq parlamentlərin dövlətlərarası münasibətlərin inkişafında mühüm platforma olduğunu söyləmişdir. O, səsləndirilən təkliflərə müsbət yanaşdığını və onların ətraflı öyrəniləcəyini demişdir. Almaniyalı deputat ATƏT Parlament Assambleyasının 2014-cü ilin yayında Bakıda keçiriləcək 23-cü illik sessiyasına Almaniya nümayəndə heyətinin tam tərkibdə - 13 deputatla qatılacağını bildirmişdir.
Görüşdə ATƏT PA-nın Bakıda keçiriləcək qarşıdakı sessiyası çərçivəsində iki ölkənin nümayəndə heyətləri arasında müzakirələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanmışdır.