SİYASƏT
Daha bir möhtəşəm uğur, yaxud biz birlikdə güclüyük

Bakı, 21 oktyabr, AZƏRTAC
Dünya ictimaiyyəti bir daha möhtəşəm hadisəyə şahidlik etdi. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bir ildə ikinci hava limanının açılışı oldu. Bu, qalib dövlətin iqtisadi gücünün, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin təzahürüdür.
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov AZƏRTAC-a açıqlamasında deyib.
Komitə sədri bildirib ki, Qarabağın daha bir hava qapısının – Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi həm də Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının təntənəsi, strateji tərəfdaşlığımızın növbəti təsdiqi oldu. İki nəhəng siyasətçi və müdrik dövlət xadimi Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan və Türkiyə bölgədə söz, nüfuz sahibidirlər və biz birlikdə güclüyük.
"Prezident İlham Əliyev inamla və qətiyyətlə “Biz hər zaman olduğu kimi, bir yerdəyik və bir yerdə olacağıq. Bundan sonra bölgədə gedən işlər, əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq. İstər siyasi təşəbbüslər, iqtisadiyyat, enerji, nəqliyyat – bütün bu sahələrdə bizim işbirliyimiz artıq regional çərçivədən çıxıb, beynəlxalq səviyyəyə qalxıbdır”, - deyə vurğuladı. Bəli, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionda aparıcı amil, beynəlxalq səviyyədə isə gözardı edilməyəcək önəmli faktordur.
Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir, Azərbaycanın yüksəlişi davam edir, Türkiyə-Azərbaycan mənəvi-siyasi birliyi daha da möhkəmlənir, yeni və daha möhtəşəm nailiyyətlərə imza atırıq. Bu, iqtisadi inkişaf, siyasi tərəqqi, yeni geostrateji şəraitdə beynəlxalq münasibətlərdə mövqeyimizin möhkəmlənməsi və növbəti qələbələr deməkdir. Biz birlikdə güclüyük", - deyə S.Novruzov diqqətə çatdırıb.