DAHA ÜÇ ÇƏKİ DƏRƏCƏSİNDƏ DÜNYA ÇEMPİONLARI MƏLUM OLMUŞDUR
![]() |
![]() |
![]() |
Yunan-Roma güləşi üzrə 74, 84 və 96 kiloqram çəki dərəcələrində yarışan idmançılar arasında dünya çempionları məlum olmuşdur.
74 kiloqram çəki dərəcəsində bolqarıstanlı Yavor Yanakiyev qızıl, danimarkalı Mark Madsen gümüş, litvalı Valdemaras Venxaytis və fransalı Kristof Guenot isə bürünc medallara sahib olmuşlar.
Digər qarşılaşmalarda isə 84 kiloqram çəkidə rusiyalı Aleksey Mişin birinci, amerkalı Bred Verinq ikinci, iranlı Saman Təhmasibi və gürcüstanlı Badri Kaşaya üçüncü yerləri tutmuşlar.
Günün son qarşılaşmaları isə 96 kiloqram çəkidə güləşçilər arasında olmuşdur. Bu çəki dərəcəsində Ramaz Nozadze (Gürcüstan) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Litvalı Mindauqas Ezerskis gümüş, iranlı Həmid Rzai və çexiyalı Marek Svek isə bürünc medallara sahib olmuşlar.
Qaliblərə medallar və hədiyyələr təqdim edilmişdir.
Xatırladaq ki, yarışların ilk günündə dünya çempionatında yunan-Roma güləşi üzrə 55, 60, 66 kiloqram çəki dərəcələrində güləşçilər finala yüksəlmişdilər.
Azərbaycan idmançısı Fərid Mansurov (66 kq) final görüşünü fransalı Steeve Guenota qarşı keçirmişdir. Güləşçimiz rəqibi üzərində inamlı qələbə edərək dünya çempionu adına sahib olmuşdur.
Hər çəki dərəcəsində çıxış edən 8 ən yaxşı idmançı 2008-ci ildə Pekində keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə alacaqdır.
Sentyabrın 19-da yunan-Roma güləşi üzrə 120, sərbəst güləş üzrə isə 55, 60 kiloqram çəki dərəcəsində pəhləvanlar mübarizəni davam etdirəcəklər. Bu görüşlərdə Azərbaycan idmançıları da iştirak edəcəklər.


