DAHİ İNSANIN XATİRƏSİNƏ HƏSR EDİLMİŞ KİTAB
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev nəşrin meydana gəlməsinin səbəbini belə izah edir: “Xarici ölkələrə səfərlərim zamanı bu dövlətlərin qurulub-formalaşmasında müstəsna rolları olan görkəmli siyasət adamları barədə çoxlu fundamental kitablarla rastlaşmışam. Corc Vaşinqton, Atatürk, Mahatma Qandi, Şarl de Qoll, Şeyx Zaid və başqalarının həyatı barədə yerli və xarici oxucu üçün çox sadə üslubda müfəssəl məlumat verən belə toplularla yaxından tanış olmuşam. Hər dəfə də düşünmüşəm ki, eyni xidməti Azərbaycan dövlətinə göstərmiş Heydər Əliyev barədə belə bir nəşr mütləq vacibdir. Ona görə də bu kitabı hazırlamaq qərarına gəldik...”
Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun sifarişi ilə hazırlanmış bu kitab Azərbaycana 30 ildən artıq rəhbərlik etmiş, tarix üçün o qədər də böyük olmayan bu müddətdə ölkənin, xalqın taleyində unudulması heç vaxt mümkün olmayacaq bir rol oynamış dahi insanın ad gününə ANS kollektivinin töhfəsidir.
Fotoşəkillərlə zəngin, nəfis tərtibatlı kitabın ilk iki fəsli (“İIk illər”, “Başlanğıc”) Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərliyi dövrünü əhatə edir. Həmin illərdə respublikamız onun sayəsində dirçəliş, intibah dövrü yaşamışdır. Nə gizlədək, o zaman Azərbaycan güclü sənaye potensialı yaratmasaydı, SSRİ-nin süqutundan sonra respublikamız bu gün təsəvvürümüzə belə gətirmədiyimiz miqyasda çətinliklərlə rastlaşacaqdı. Adıçəkilən fəsillər çoxsaylı fotoşəkillərin köməyi ilə oxucuda müdrik siyasətçinin həyatının həmin dövrü (1969-1982-ci illər) haqqında konkret təsəvvür yaradır.
“Dövlət quruculuğu”, “Beynəlxalq müstəvi” fəsillərində Böyük azərbaycanlının müstəqil dövlətimizin qurulması, inkişafı və möhkəmləndirilməsində oynadığı əvəzsiz roldan bəhs edilir.
“Milli adət-ənənələrə sadiq adam”, “Ailə başçısı” fəsilləri də nadir fotoşəkillərlə zəngindir, Heydər Əliyevin adət və ənənələrimizə hörməti dövlət siyasəti səviyyəsinə qaldırması, ailə ənənələrini dövlət ənənələri ilə ustalıqla uzlaşdırması barədə məlumat verir.
“Eranın sonu” fəslində nəhəng şəxsiyyət, zəmanəmizin görkəmli siyasətçisi və dövlət xadimi, türk millətinin qüruru, müstəqil Azərbaycanın qurucusu, bütün ömrünü həyatından artıq sevdiyi Vətəninin gələcəyinə həsr etmiş Heydər Əliyevin ölümü ilə də millətinin birliyinə nail olduğu vurğulanır.
Kitabda Azərbaycan Dövlət Arxivinin, Heydər Əliyev Fondunun, AZƏRTAC-ın və ANS-Press-in fotoşəkillərindən istifadə edilmişdir.