“DAN ULDUZU” UŞAQ YARADICILIQ FESTİVALI BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Heydər Əliyev adına Sarayda “Dan” Beynəlmiləlçi Gənclər və “Nur” Uşaq və Gənclər İctimai Birlikləri Azərbaycan Respublikası Gənclər, İdman və Turizm, Təhsil, Mədəniyyət nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə “Dan ulduzu” birinci bədii yaradıcılıq festivalı qaliblərinin yekun konserti olmuşdur.
Təntənəli mərasimdə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyevanın festivala təbrik məktubu oxunmuşdur. Təhsil naziri Misir Mərdanov, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını uşaqlara çatdırmış, Beynəlxalq Uşaqları Müdafiə günü münasibətilə onları təbrik etmişlər. Qeyd olunmuşdur ki, bir neçə il idi bu bayramı həmişə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev uşaqlarla birlikdə keçirirdi. Bu gün isə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin salamları ilə bu məclisi başlayırıq. Uşaqların bayramı ilə “Dan ulduzu” festivalının eyni günə düşməsi çox önəmli hadisədir. İnanırıq ki, tezliklə Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq və çadırlarda yaşayan uşaqlar azad və xoşbəxt həyata qovuşacaqlar. Natiqlər uşaqları, qalibləri təbrik etmiş, festivalın təşkilatçılarına və kömək göstərənlərə minnətdarlıqlarını bildirmişlər.
Müsabiqədə qaliblərə “Dan ulduzu” laureatı adı, “Qran-pri”, həvəsləndirici mükafatlar, qiymətli hədiyyələr təqdim olunmuş, yekun konsertində laureatlarla yanaşı, populyar müğənnilər, ifaçılar çıxış etmişlər.