Danimarkada “Bandidos MC” motosiklet klubu qadağan edilib
Stokholm, 30 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Danimarka məhkəmənin qərarı ilə “Bandidos MC” motosiklet klubunu rəsmi şəkildə qadağan edən ilk Skandinaviya ölkəsi olub.
AZƏRTAC xəbər verir ki, Helsinqör məhkəməsi çərşənbə günü çıxardığı qərarda təşkilatın uzun illər ərzində qanuni və cinayətkar fəaliyyətləri birləşdirdiyini müəyyən edib.
Beş yüz səhifəlik hökmə əsasən, klub “motosiklet icması” statusundan şantaj, narkotik ticarəti və zorakılıq halları kimi cinayətləri ört-basdır etmək üçün istifadə edib. Qərar qüvvəyə mindikdən sonra polis klubla əlaqəli jiletləri, simvolları və digər əmlakı müsadirə etməyə başlayacaq.
Danimarkanın ədliyyə naziri Piter Hummelqor bu qərarı “mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə mühüm qələbə” adlandırıb.
“Birləşmək azadlığı cinayətkar qrupları qorumaq üçün nəzərdə tutulmayıb”, – deyə nazir vurğulayıb.
Klubun müdafiə tərəfi artıq apellyasiya şikayəti vermək niyyətində olduğunu açıqlayıb.
Danimarka hökuməti bundan əvvəl “Loyal to Familia” (LTF) dəstəsini də qadağan etmişdi və digər oxşar qruplara qarşı tədbirləri də istisna etmir.
Bənzər qadağa Niderlandda da tətbiq olunur. Həmin ölkədə hakimiyyət orqanları bayker klublarının fəaliyyətinin xeyli azaldığını, lakin keçmiş üzvlər arasında cinayətkarlığın tam aradan qalxmadığını bildiriblər.
“Bandidos MC” hazırda Avropanın ən nüfuzlu bayker təşkilatlarından biri sayılır. İsveçdə klubun Stokholm, Höteborq və Helsinqborq da daxil olmaqla doqquz şəhərdə təxminən 300 üzvü var. “Hells Angels” klubu ilə yanaşı, “Bandidos MC” Skandinaviya cinayət dünyasında əsas aktorlardan biri hesab olunur.
İsveç hökuməti hazırda dəstə üzvlüyünün mümkün cinayət sayılması ilə bağlı araşdırma aparır.