Danimarkada yaşayan azərbaycanlılar Xocalı soyqırımı qurbanlarını anmışlar
Bakı, 28 fevral (AZƏRTAC). Fevralın 25-də Danimarka Krallığının paytaxtı Kopenhagendə “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsini anma tədbiri keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdən əvvəl Kopenhagenin mərkəzi küçələrində yerli sakinlərə Xocalının işğalına dair buklet və vərəqələr paylanmışdır.
Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayan tədbirdə daha sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi mərasim iştirakçılarına Xocalı soyqırımı barədə ətraflı məlumat vermişdir. O, Xocalıda insanların azərbaycanlı olduqlarına görə görünməmiş işgəncələrlə qətlə yetirildiklərini bildirmişdir. Qeyd etmişdir ki, bu qətliam təkcə Azərbaycan xalqına deyil, bütüvlükdə insanlığa qarşı yönəlmiş bəşəri cinayətdir. Bir gecədə 63-ü uşaq olmaqla 613 nəfər insanın qətlə yetirilməsinin soyqırımı olduğunu söyləyən Səfər Sadiqi gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması üçün dünya birliyinin Xocalıda törədilmiş bu cinayətə siyasi və hüquqi qiymət verməsinin zəruriliyini bildirmişdir.
Azərbaycanlıların bu hüznlü günündə onların kədərlərini bölüşməyə gələn qonaqlar arasında Türkiyə səfirliyinin nümayəndələri Oya Tunga və Ogeday Guner, Kopenhagen Tibb Universitetinin professoru Məsud Aşina, Ülki Ocaqları Türk Federasiyasının sədri Bahadur Güller, Kopenhagen Universitetinin professoru Karl Erik Fredeskov, Türkmən Cəmiyyətinin sədri Yurtan bəy, Danumarka Azəri Türk Qadınlar Cəmiyyətinin sədri Anaxanım Hüseynova, Türküstan Uyğur Cəmiyyətinin sədri Əbdülsəttar bəy, Danimarkadakı Çeçen Birliyinin sədri İlyas Musayev, “Hürriyyət” qəzetinin və “Kanal D” televiziyasının nümayəndəsi Ünsal Turan, Kopenhagendə Danimarka və türk dillərində nəşr olunan “Haber” qəzetinin nümayəndəsi Sadi Tekeloğlu, digər türk cəmiyyətlərinin və yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçılarına Xocalıya dair sənədli filmlər, broşür və bukletlər təqdim olunmuşdur. “Qarabağ” qızlar qrupunun ifasında Xocalı şəhidlərinə həsr olunmuş şeirlər hamını duyğulandırmışdır.
Daha sonra Xocalı şəhidlərinin ruhuna dualar oxunmuş, ehsan verilmişdir.
“Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi mərasimi yüksək səviyyədə təşkil etdiklərinə görə təşkilat komitəsinin üzvləri Mehriban Əliyevaya, Seymur Məmmədzadəyə, “Qarabağ” qızlar qrupuna, Amin Hüseynova və başqalarına tədbir iştirakçıları adından təşəkkürünü bildirmişdir.