REGİONLAR
Danimarkalı jurnalistlər Laçında olublar
Laçın, 5 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Danimarkanın “Seismo” media qurumunun jurnalistləri John Nielsen Nuovo Praestegaard və Julius Christiansen Laçına səfər ediblər.
Laçın rayonunda Bərpa Tikinti və İdarə Etmə Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, səfərin məqsədi erməni işğalının regionda yaratdığı ağır nəticələr, dağıdılmış infrastruktur, təbii sərvətlərin talanı və tarixi-mədəni abidələrin vandalizmə məruz qalmasını yerində görüb sənədləşdirmək, eyni zamanda, işğaldan əvvəl bu torpaqlarda yaşayan keçmiş məcburi köçkünlərin hekayələrini dinləmək olub.
Xarici jurnalistlərə məlumat verilib ki, erməni işğalı dövründə Laçın rayonunda təkcə əhalinin hüquqları pozulmayıb, həm də ərazilərin tarixi, mədəni və təbii sərvətlərinə ciddi zərər vurulub. İşğalçılar Laçının zəngin təbii ehtiyatlarını qanunsuz olaraq talayıb, meşələri qıraraq ekosistemi məhv edib və nadir bitki örtüyünə ciddi ziyan vurublar. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, yeni infrastrukturun qurulması – yolların, enerji xətlərinin və kommunikasiya şəbəkələrinin yenilənməsi istiqamətində aparılan genişmiqyaslı işlər qonaqların diqqətinə çatdırılıb.
Jurnalistlərə bərpa-quruculuq işləri ilə yanaşı, azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində aparılan tədbirlər barədə də məlumat verilib. Qeyd edilib ki, təhlükəsizliyin təmin edilməsi yenidənqurma işlərinin sürətləndirilməsi baxımından önəmli mərhələdir.
Daha sonra keçmiş məcburi köçkün ailəsinin üzvü Şəbnəm Uğurludan müsahibə alınıb. O, uzun illər boyu doğma yurd-yuvalarından ayrı düşərək, ağır sınaqlardan keçdiklərini bölüşüb. İşğaldan əvvəl Laçında xoşbəxt həyat sürdüklərini xatırladan müsahib, bir gecədə doğma yurdlarından köçkün düşdüklərini bildirib və 30 ilə yaxın doğma torpaqlarının azad olunacağına dair ümidlərini itirmədiklərini vurğulayıb. Qeyd edib ki, Laçın yenidən əsl sahiblərinə qucaq açıb və burada sakinlərin doğma yurdlarında xoşbəxt yaşaması üçün tikinti-quruculuq, abadlıq işləri görülüb, yeni iş yerləri açılıb, bir sözlə Laçında həyat yenidən canlanıb.