DANIŞIR FESTİVALIN QONAQLARI
Kinoşünas, MDB ölkələri və Baltikyanı Ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyası sədrinin müavini Konstantin Şerbakov demişdir: “Mən “Şərq-Qərb” kinofestivallarının hamısında iştirak etmişəm. Burada Avrasiya məkanı kinematoqrafiyası birləşir. Bunun üçün Bakıdan yaxşı şəhər tapmaq mümkün deyildir”.
AZƏRTAC-ın müxbirinin “builki festival əvvəlkilərdən nə ilə fərqlənir?” sualına cavabında qonaq bildirmişdir ki, bu kinobaxışın artıq öz ənənələri, keçirilmə forması, ən əsası isə, səmimi, qeyri-rəsmi ünsiyyət forması var. Burada heç bir dəyişiklik etmək lazım deyildir. Proqrama gəldikdə isə, filmlərin əksəriyyətini mən Moskvada görmüşəm. Zəif film yoxdur. Rejissor Oleq Səfərəliyevin Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi “Əlvida, cənub şəhəri” maraqlı filmdir. Bizi ciddi filmlərlə az-az sevindirən Azərbaycan kinematoqrafının festivalda parlaq iştirakı yaxşı haldır.
Maya Aymedova və Xocaquli Narliyev festivalın ən tanınan qonaqlarıdır. Xocaqulinin sözlərinə görə, onları bu kinobaxışın rəmzləri hesab etmək olar, “Şərq-Qərb” festivalında hər il iştirak etmişlər. O demişdir:
- İndi film istehsal etmək çətin prosesdir. Əvvəllər olduğu kimi bizi birləşdirən və bir yerə toplayan təşkilat yoxdur. O zaman biz bir yerdə idik, bir-birimizin işləri ilə tanış olurduq. İndi keçmiş respublikalar arasında sərhəd, viza sistemi var və belə festivallar ümumi mədəni məkanı saxlamağa kömək edir.
Hazırda Xocaquli Narliyev sənədli film üzərində işləyir. Rejissor demişdir:
- Mən tanınmış tarixçi, türkoloq Lev Qumilyov və onun irsi barədə sənədli film üzərində işə başlamışam. O, Şərq tarixini başdan-başa araşdırmış, misilsiz əsərlər qoyub getmişdir və biz onu xatırlamalıyıq. Ssenari hazırdır və Mədəniyyət Nazirliyi ilə maliyyə məsələləri müzakirə olunur.