İQTİSADİYYAT
DAŞINMAZ ƏMLAK ÜZRƏ SAMMİT KEÇİRİLƏCƏKDİR
2002-ci il sentyabrın 19-20-də İtaliyanın Roma şəhərində daşınmaz əmlak üzrə sammit keçiriləcəkdir. Sammitdə keçid dövrünü yaşayan ölkələrin iqtisadiyyat, ticarət və maliyyə nazirliklərinin, kredit təşkil edən inkişaf agentliklərinin və əmlak şirkətlərinin, kommersiya bankları daxil olmaqla özəl sektorunun nümayəndələri iştirak edəcəklər.
Sammit Daşınmaz Əmlak Üzrə Məsləhətçi Qrupun (REAG) üzvü olan Ticarət Palatasının Technoborsa İtaliya İnstitutunun köməyi və LFDP-nin (İnkişaf Üçün Torpaq Proqramı) üzvləri, Birləşmiş Millətlər Təşkilatının Yeyinti Kənd Təsərrüfatı Təşkilatı (FAO) və UNHABİTAT kimi orqanlarının; Beynəlxalq maliyyə təsisatlarının (Dünya Bankı); regional inkişaf təşkilatlarının (Avropa Yenidənqurma və İnkişaf Bankı); QHT (Beynəlxalq Əmlak Federasiyası) və Daşınmaz Əmlak üzrə Agentlərin Milli Assosiasiyasının (ABŞ) tərəfdaşlığı ilə keçiriləcəkdir.
Sammitin əsas məqsədi keçid dövrünü yaşayan ölkələrdə torpaq və əmlak bazarının inkişaf etdirilməsinə dəstək verməkdir.
Sammitdə əmlak hüquqları, əmlakın ədalətli və şəffaf qiymətləndirilməsi, evtikmənin maliyyələşdirilməsi və s. məsələlərin müzakirəsi, bu məsələlərlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Tədbirdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi də iştirak edəcəkdir.
İqtisadi İnkişaf Nazirliyinin
mətbuat xidməti