QAN YADDAŞI
Daşkənddə Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir
Daşkənd, 30 mart (AZƏRTAC). Azərbaycanın Özbəkistandakı səfirliyi Respublika Azərbaycan Mədəniyyət Mərkəzi (RAMM) ilə birgə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) 31 mart-Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar mərasim keçirmişlər.
Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları RAMM-nun rəhbərləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.
Mərkəzin foyesində soyqırımla bağlı Azərbaycan, rus və ingilis dillərində tərtib edilmiş stendlər, 1918-ci ilin mart hadisələrini əks etdirən fotoşəkillər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı və 20 Yanvar faciələri ilə əlaqədar kitablar nümayiş etdirilmişdir.
AMM-nin direktoru Samir Abbasov azərbaycanlıların soyqırımı haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, erməni daşnakları 1918-ci ilin mart-aprel aylarında Bakı, Quba, Şamaxı, Lənkəran, Naxçıvan, Hacıqabul, Salyan, Zəngəzur və digər bölgələrimizdə yüzlərlə kənd və qəsəbələrimizi yerlə yeksan etmiş, minlərlə dinc sakini məhz azərbaycanlı olduğuna görə işgəncələrlə qətlə yetirilmişlər. O günlərdə daşnak Stepan Şaumyanın rəhbərliyi ilə ancaq Bakıda təxminən 30 min dinc sakin-qocalar, qadınlar, uşaqlar qəddarlıqla öldürülmüşdür. Bakıdakı Təzəpir məscidi, İsmailiyyə binası (İndiki AMEA-nın rəyasət heyəti) və digər abidələrimiz yandırılmışdır. Qeyd olunmuşdur ki, o müdhiş günlərdə Qubada 122, Dağlıq Qarabağda 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211 kənd yerlə yeksan edilmişdir. Deyilmişdir ki, Quba məzarlığı məhz o günlərdə törədilmiş soyqırımın nişanəsidir.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev diasporumuzun üzvlərini səfirliyimizin tədbirlərində fəal olmağa səsləmişdir. Qeyd olunmuşdur ki, diasporumuzun üzvləri səfirliyin tədbirlərində dəvətsiz iştirak edə bilərlər.
Sonra “Bakı soyqırımı” sənədli filmi göstərilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd