DAŞKƏNDDƏ XOCALI SOYQIRIMININ 18-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Daşkənd, 22 fevral (AZƏRTAC). Daşkənddəki Beynəlmiləl Mədəniyyət Mərkəzində Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirmişdir.
Tədbirdə Azərbaycan diasporunun üzvləri, qardaş özbək xalqının nümayəndələri, azərbaycanlı tələbələr, jurnalistlər iştirak etmişlər.
Mərasimin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dualar oxunmuşdur.
Assosiasiyanın sədri Akif Ağatalıbov Xocalı faciəsinin yaranma səbəbləri və tarixi haqqında ətraflı məlumat verərək demişdir ki, bu soyqırımı ötən əsrin ən böyük faciələrindən biridir və bu cinayət Xatın, Sonqmi faciələri ilə müqayisə oluna bilər.
A.Ağatalıbov 2008-ci il mayın əvvəlində İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş və öz işinə bir il əvvəl başlamış “Xocalıya ədalər” beynəlxalq kampaniyası haqqında ətraflı söhbət açmışdır. Qeyd olunmuşdur ki, hazırda 30-dan artıq ölkədə bu istiqamətdə iş aparılır. Bu kampaniyanın keçirilməsindən məqsəd isə beynəlxalq ictimaiyyətə Xocalı faciəsi haqqında geniş və əhatəli məlumat verməkdir.
Əslən Qarabağdan olan, bu qanlı hadisələri öz gözləri ilə görən Yusif Əliyev demişdir: “18 il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni qaniçənləri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalını yer üzündən sildilər, uşaqlara, qocalara, qadınlara aman verilmədi, südəmər körpələr süngüyə keçirildi və bununla da ermənilər öz tarixlərinə daha bir qanlı səhifə yazdılar”.
Tədbirdə çıxış edənlər bu faciəni törədənləri ittiham etmiş, ermənilərin xalqımızın başına gətirdikləri cinayətləri lənətləmişlər.
Sonra faciə ilə bağlı sənədli film nümayiş etdirilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd