DAŞKƏNDDƏKİ SƏFİRLİYİMİZDƏ SOYQIRIMI GÜNÜ İLƏ ƏLAQƏDAR ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Daşkənd, 1 aprel (AZƏRTAC). Azərbaycanın Özbəkistandakı səfirliyində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Tədbirdə paytaxtda yaşayan diasporumuzun üzvləri, Daşkəndin ali məktəblərində təhsil alan tələbələr, Türkiyə səfirliyinin əməkdaşları, jurnalistlər iştirak etmişlər.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov soyqırımı haqqında iştirakçılara məlumat vermiş, ermənilərin zaman-zaman azərbaycanlıların başına gətirdikləri müsibətlərdən danışmışdır. Səfir demişdir ki, məhz ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində bu məsələ köklü surətdə araşdırılmağa başlanmış, Azərbaycan Prezidenti 1998-ci il martın 26-da soyqırımı ilə əlaqədar Fərman imzalamış, məhz bundan sonra 31 mart soyqırımı günü kimi tarixə düşmüşdür.
Səfirliyin əməkdaşı Səbuhi Əhmədov Ermənistanın işğalçılıq siyasəti və terrorizmə dəstək verməsi haqqında konkret faktlar əsasında məlumat vermiş, 1905-1907-ci, 1918-1920-ci illərdə törədilmiş qırğınlardan danışmış, 1918-ci il 31 mart soyqırımı üzərində xüsusi dayanmışdır.
Sonra mərasimə toplaşanlara soyqırımı, deportasiya, ermənilərin işğalçılıq siyasəti haqqında sənədli film göstərilmişdir.
Mərasimdə iştirak edənlərə azərbaycanlıların soyqırımı və deportasiya ilə əlaqədar materiallar toplusu və DVD variantında sənədli film paylanmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd