ELM VƏ TƏHSİL
“Data səfirliyi” konsepsiyası ilə bağlı müzakirələr aparılıb
![“Data səfirliyi” konsepsiyası ilə bağlı müzakirələr aparılıb](/files/2021/2/1200x630/1622819484133909548_1200x630.jpg)
Bakı, 4 iyun, AZƏRTAC
Elektron idarəetmə dedikdə, xidmətlərin göstərilməsi və informasiyanın çatdırılması səmərəliliyinin artırılması, eləcə də vətəndaşların qərar qəbuletmə prosesində iştirakını təşviq etmək məqsədilə dövlət sektorunun informasiya və kommunikasiya texnologiyalarından istifadəsi başa düşülür.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında məlumat verilib.
Seminarda institutun magistrantı Aysən Fərəcova “E-idarəetmədə fərdi məlumatların qorunması: “Data səfirliyi” konsepsiyası” mövzusunda çıxış edib. Bildirilib ki, hazırda bütün ölkələr vətəndaşlarına daha yaxşı elektron xidmətlər təklif edə biləcək səmərəli e-idarəetmənin formalaşdırılmasına səy göstərirlər. Bu baxımdan bulud texnologiyaları hökumətlər və vətəndaşlar üçün geniş imkanlar yaradır.
Qeyd olunub ki, texnologiyanın sürətlə inkişaf etdiyi, vətəndaşların, cəmiyyətin və ölkələrin iqtisadi, sosial, mədəni olaraq bir-birinə yaxınlaşdığı dünyada fərd məlumatların və hüquqların qorunmasında çətinliklər olur. Fərdi məlumatların konfidensial informasiya kateqoriyasına aid edildiyini deyən məruzəçi, fərdə məxsus olan məlumatların həmin şəxsin icazəsi ilə əldə edilməsi, emalı və istifadəsinin vacib olduğunu söyləyib.
A.Fərəcova fərdi məlumatların saxlanmasını, onlara girişi və istifadəsini təmin etmək üçün hüquqi səviyyədə tənzimlənmiş qanunlar, müqavilələr və təhlükəsizlik infrastrukturlarından faydalanmağın mümkün olduğunu qeyd edərək, bəzi ölkələrdə məxfilik məsələləri ilə əlaqədar olaraq həyata keçirilən tədbirlərə aid nümunələr göstərib.
Sonra tədqiqatçı “Data səfirliyi” haqqında məlumat verib. Bildirib ki, “Data səfirliyi” Estoniya hökumətinin buludda genişlənməsidir və bu dövlətin ərazi hüdudlarından kənarda server resurslarına sahib olması mənasını verir. Bu, informasiyanın əldə edilməsi üçün innovativ konsepsiya hesab olunur, çünki adətən dövlətlər informasiyalarını öz fiziki sərhədləri daxilində saxlayır.
Məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək fərdi məlumatlar sahəsində dünya təcrübəsi və fərdi məlumatların qorunması ilə bağlı beynəlxalq qanunların araşdırılmasının vacib olduğunu bildirib, tədqiqatın daha da genişləndirilməsi ilə bağlı tövsiyələr verib.