Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin iki üzvü Avropa çempionu olub
Bakı, 5 iyun, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin üzvləri Buxarestdə keçirilən ciu-citsu üzrə Avropa çempionatında uğurla çıxış ediblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, millimizin heyətində tatami üzərinə çıxan DİN İdman Cəmiyyətinin inspektoru, polis baş leytenantı Elşən İbişov (85 kq) ilk görüşdə Rusiya idmançısını məğlub edib. Ardınca almaniyalı və rumıniyalı atletləri də mübarizədən kənarlaşdıran təmsilçimiz finalda polşalı rəqibi üzərində vaxtından əvvəl qələbə qazanaraq Avropa çempionu olub.
Cəmiyyətin digər yetirməsi Emil Qurbanov (69 kq) da bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.
Qeyd edək ki, hər iki idmançını yarışa Azərbaycan Ciu-citsu Federasiyasının prezidenti Mirəli Seyidov hazırlayıb.
DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki, Olimpiya, dünya və Avropa çempionu Zemfira Meftaxetdinova qazandıqları qələbə münasibətilə idmançıları təbrik edərək qarşıdakı yarışlarda onlara uğurlar arzulayıb.