DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Qonağı səmimiyyətlə salamlayan nazir DİN-in funksiyası, fəaliyyət istiqamətləri və ölkədə kriminogen vəziyyətlə bağlı məlumat vermiş, müstəqilliyimizin ilk illərində Ermənistanın torpaqlarımızı işğal etməsi və o vaxtkı səriştəsiz iqtidarın ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üzbəüz qoyması nəticəsində kriminogen vəziyyətin nəzarətdən çıxdığını xatırlatmışdır.
Qeyd olunmuşdur ki, yalnız xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan müdrik dövlət xadimi Heydər Əliyevin titanik səyləri nəticəsində Azərbaycan bir dövlət kimi məhv olmaq təhlükəsindən qurtulmuş, 1995-ci ilin sonlarından cəmiyyət həyatının bütün sahələrində müsbət dəyişikliklər, əsaslı irəliləyişlər mərhələsi başlanmışdır.
1997-2000-ci illərdə polisin fəaliyyətinin də təkmilləşdirilməsi üçün demokratik prinsiplərə söykənən yeni qanunlar qəbul edilməsindən söz açan nazir, bununla həm də vətəndaşların konstitusion hüquqlarının qorunmasının təmin olunduğunu, xarici investorların fəaliyyəti üçün münbit şərait yaradıldığını diqqətə çatdırmışdır.
R.Usubov cinayətkarlığa qarşı mübarizə sahəsində görülən müsbət işlərlə yanaşı, problemlərdən də danışmış, bu sırada transmilli mütəşəkkil çınayətkarlığa - bütün dünyanı narahat edən terrorizm və narkotik maddələr qaçaqmalçılığına, qanunsuz miqrasiya və insan alverinə qarşı mübaizə sahəsində birgə mübarizənin vacibliyini diqqətə çatdırmışdır. Nazir demişdir ki, Azərbaycan Prezidentinin 2005-ci il 29 iyun tarixli Fərmanı ilə DİN-in strukturunda Miqrasiya Xidməti yaradılmışdır. Xidmət qanunsuz miqrasiyanın profilaktikası ilə məşğul olur, miqrasiya sahəsində nəzarət funksiyalarını yerinə yetirir, immiqrasiya haqqında vəsatətə baxır, qərar qəbul edir, immiqranta onun statusunu təsdiq edən sənəd verir və qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən Brunson MakKinli Bakıya əvvəlki səfəri zamanı böyük şəxsiyyət və siyasi xadim Heydər Əliyevlə görüşünü, onun miqrasiya məsələlərinə xüsusi diqqətini məmnunluqla xatırlamış, Prezident İlham Əliyevin də bu sahəyə mühüm önəm verdiyini, bütövlükdə Azərbaycanda gedən inkişafın göz önündə olduğunu vurğulamışdır.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan höküməti və qeyri-hökumət təşkilatları ilə əlaqələrindən danışan qonaq, Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın müəyyən məqamlarına toxunmuşdur.
Tərəflər bu səfərin Daxili İşlər Nazirliyi və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əmin olduqlarını bildirmişlər.