Daxili Qoşunların gənc əsgərləri Vətənə sədaqət andı içiblər
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 14-də Dövlət Bayrağı Meydanında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının gənc əsgərlərinin andiçmə mərasimi keçirilib.
Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əsgərlərin valideynlərinin də iştirak etdikləri mərasimdə əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nümunəvi-göstərici hərbi orkestr dövlət himnini ifa edib.
Hərbi hissə komandiri, polkovnik Salamat Cəfərov çıxış edərək gənc əsgərlərə hərbi and mənasını, xalqına, Azərbaycan Respublikasına sədaqət andı içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri xatırladıb.
Sonra gənc əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü qanlarını və canlarını əsirgəməyəcəklərinə söz veriblər.
Andiçmə mərasimində iştirak edən daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov Qoşunlarda yeni xidmətə başlayan gənc əsgərləri hərbi and içmələri münasibətilə təbrik edib və tövsiyələrini çatdırıb.
Komandan qeyd edib ki, bu andan etibarən onlar da Daxili Qoşunların bütün şəxsi heyəti kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsinə hər an hazır olmalıdırlar.
Ş.Məmmədov vurğulayıb ki, gənc əsgərlər bu müqəddəs andın mənasını tam dərk etməli, vətəndaşlarımızın təhlükəsizliyi və torpaqlarımızın müdafiəsi istiqamətində əllərindən gələni əsirgəməməlidirlər.
Döyüşçü-şair Elxan Xəzər, valideyn Ələddin Hüseynov hərbi and içmələri münasibətilə gənc əsgərlərə təbriklərini çatdıraraq onlara səmimi, cəsur və intizamlı, daim Vətənin müdafiəsinə hazır olmağı, Azərbaycan əsgərinə xas bütün xüsusiyyətləri özlərində formalaşdırmağı tövsiyə ediblər.
Andiçmə mərasimi gənc əsgərlərin təntənəli keçidi ilə başa çatıb.