DAXİLİ QOŞUNLARIN ON İLLİYİ
Martın 12-də Daxili Qoşunlar yaradılmasının on illiyinə həsr olunmuş mərasim keçirilmişdir. Mərasim başlamazdan əvvəl baş nazir Artur Rasizadə, daxili işlər naziri general-polkovnik Ramil Usubov şəhidlərin xatirə kompleksinin önünə əklil qoydular.
Yubiley mərasimində çıxış edən Daxili Qoşunların komandanı polkovnik Elşən Kazımov ölkəmizdə sabitliyin, əmin-amanlığın, vətəndaşların konstitusiya hüquqlarının qorunmasında Daxili Qoşunların şəxsi heyətinin üzərinə düşən vəzifələrdən danışdı.
Baş nazir Artur Rasizadə şəxsi heyəti yubileyi münasibətilə təbrik etdi. Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı son Fərmanını Daxili Qoşunlarda hərbi hazırlığın, nizam-intizamın yüksəldilməsinə böyük təsir göstərəcəyini vurğuladı.
Məktəblilər şəxsi heyəti şerlərlə təbrik etdilər.
Milli Qəhrəman Elçin Quliyevin anası Səltənət Səfərova, Müdafiə Nazirliyinin idarə rəisi Ziyadxan Bəkirov, Milli Məclisin deputatı, şair Zəlimxan Yaqub Daxili Qoşunların şəxsi heyətini yubiley münasibətilə təbrik etdilər və xoş arzularını bildirdilər.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müstəqil Azərbaycanda demokratiyanın, insan hüquq və azadlıqlarının, ölkəmizdə sabitliyin qorunmasında hüquq-mühafizə orqanlarının əldə etdikləri uğurlarda Daxili Qoşunların da böyük rolu olduğunu vurğuladı, şəxsi heyəti yubiley münasibətilə təbrik etdi.
Daxili Qoşunlarda xidmət edən bir qrup hərbçiyə yeni rütbələrin poqonları və fəxri fərmanlar təqdim olundu.
Mərasim iştirakçıları adından Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul edildi.
Yubiley mərasimi incəsənət ustalarının konserti ilə başa çatdı.