Dəfn mərasimində iştirak edən COVID-19 infeksiyasının daşıyıcısı barədə cinayət işi başlanılıb
Cəlilabad, 21 dekabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən daha bir aktiv koronavirus xəstəsi müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad şəhər sakini E.Verdiyevin COVID-19 virusunun daşıyıcısı olduğunu bildiyi halda, tanışının dəfn mərasimində iştirak etdiyi məlum olub.
Sərtləşdirilmiş karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etməmək barədə dəfələrlə olunan xəbərdarlıqlara riayət etməyən və bununla da virusun daha çox yayılmasına şərait yaradan həmin şəxsin bu əməli polis əməkdaşları tərəfindən aşkarlanıb və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
E.Verdiyev barəsində Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.