Dəmir yolunun bir əsrlik tarixinə qısa səyahət VİDEO
Bakı, 3 iyul, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikasının növbəti ünvanı Azərbaycan Dəmiryol Muzeyidir.
Dəmiryol Muzeyi Bakı sərnişin stansiyasının tarixi vağzal kompleksinə daxil olan üç binadan biri – Sabunçu vağzalının binasında (Bakı metrosunun “28 May” stansiyasının yaxınlığında) yerləşir. Bu bina 1926-cı il iyulun 6-da istifadəyə verilib. Azərbaycan milli memarlıq ənənələrinə uyğun inşa edilmiş bina xarici görünüşünə və bir çox elementlərinə görə Şirvanşahlar sarayını xatırladır. Binada milli şəbəkə sənəti üslubunda qurulmuş pəncərələr, binanın girişinin fasadının yuxarı hissəsində isə Şirvanşahlar dövrünə aid dekor, saat qülləsində daşdan yonulmuş aslan təsvirləri diqqət çəkir.
Zallarda ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar, o cümlədən XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və videomateriallar, qatar modelləri nümayiş olunur. Muzeydə 2 eksponat zalı, kino zalı, mədəniyyət və korporativ tədbirlərin təşkili üçün salonlar fəaliyyət göstərir.
Muzeydə Ulu Öndər Heydər Əliyevin ölkəmizdə dəmir yollarının inkişafına göstərdiyi misilsiz xidmətlərin əks olunduğu fotoguşə də yaradılıb.
Prezident İlham Əliyev yenidənqurmadan sonra 2019-cu il noyabrın 19-da muzeyin açılışını edib.