DƏMİR YOLUNUN ŞİRVAN-ASTARA SAHƏSİNDƏ TƏMİR-BƏRPA İŞLƏRİ BAŞA ÇATMAQ ÜZRƏDİR
Bakı, 24 iyun (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması ilə əlaqədar daşqınların əmələ gəlməsi dəmir yolunun işində ciddi problemlər yaratmış, nəticədə mayın 9-da saat 16.30-dan etibarən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Şirvan-Astara sahəsində qatarların hərəkəti dayandırılmışdır.
İyunun 13-dən “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini Qurban Nəzirovun rəhbərliyi ilə bu sahədə təmir-bərpa işlərinə başlanılmışdır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AZƏRTAC-a bildirmişdir ki, QSC sədrinin müavini Qurban Nəzirov yenidən Şirvan-Astara sahəsində olmuş, burada təmir-bərpa işlərinin gedişi ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, 10 gündə görülən gərgin işlər nəticəsində yarğanların dördü bərpa olunmuşdur. Osmanlı-Azadkənd mənzilinin 15-ci kilometrində, Azadkənd-Salmanlı mənzilinin 19-cu, 21-ci (1-ci piket) və 24-cü kilometrlərində olan yarğanlar bağlanmış, suyun digər istiqamətə ötürülməsi üçün dəmir borular qoyulmuşdur.
Hazırda Azadkənd-Salmanlı mənzilinin 21-ci kilometrinin 7-ci piketindəki sonuncu yarğanın bağlanması istiqamətində iş gedir.
Ərazidən su tam çəkilmədiyinə görə, QSC-nin həkim-sanitar xidmətinin yerli təşkilatları gündə bir neçə dəfə profilaktiki tədbirlər aparırlar. Osmanlı stansiyasında yaradılmış tibb məntəqəsində dəmiryolçular mütəmadi müayinə olunurlar.
Bütün bu işlərlə yanaşı, təbii fəlakət zonasına 1200 vaqon çınqıl, dəmir-beton məmulatları və iri daşlar göndərilmişdir.
Təmir-bərpa işlərində QSC-nin infrastruktur departamentinin, “Fövqəladə Hallar Qatarı” MMC-nin, İmişli vaqon deposunun, Şirvan TMM-nin və digər müvafiq strukturların kollektivləri çalışırlar.
Qeyd edək ki, Kür çayında suyun səviyyəsinin artması ilə əlaqədar dəmir yolunun Osmanlı-Azadkənd mənzilinin 15-ci kilometrində, Azadkənd-Salmanlı mənzilinin 19-cu, 21-ci (2 yerdə) və 24-cü kilometrlərində subasmanın qarşısını almaq və suyu digər istiqamətə ötürmək üçün dəmir yolu yatağı beş yerdən yarılmışdır. Sonradan yarılan yol yatağı xeyli genişlənmiş, həmin istiqamətdə 23 kilometrə yaxın yolun torpaq yatağı çökmüşdür.