DENOMİNASİYA MİQYASLI QİYMƏT ARTIMINA SƏBƏB OLMAYACAQ
Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov denominasiya, yanvarın 1-dən dövriyyəyə buraxılacaq yeni valyuta, onun məzənnəsi barədə sualları cavablandırarkən bildirmişdir ki, bu tədbir dövlət müstəqilliyinin ilk illərində dövriyyəyə buraxılmış milli valyutanın məzənnəsinin həmin dövrdə baş verən hərbi-siyasi və sosial-iqtisadi böhran nəticəsində aşağı düşdüyü və ölkədə yüksək qiymətlər miqyası formalaşdığı üçün həyata keçirilir. Yuksək qiymətlər miqyası və manatın aşağı nominal məzənnəsi digər fəsadlarla yanaşı, milli valyutaya inamsızlıq da yaratmışdır. Yeni valyuta bütün komponentlərinə görə müasir tələblərə cavab verir. Müdafiə keyfiyyətinə görə avrodan da üstündür. Əskinaslarımız və sikkələrimiz çap ərəfəsindədir. Milli valyutanın məzənnəsi real alıcılıq qabiliyyətinə uyğunlaşdırılmışdır. Qiymətlər miqyası dəyişərkən, təbii ki, müəyyən problemlər ortaya çıxacaq. Bu zaman avronun tətbiqi təcrübəsindən istifadə edərək yuvarlaqlaşdırma prinsipi əsas götürüləcək. Digər tərəfdən, avro tətbiq olunan zaman onun əhatə etdiyi ölkələrdə 0,2 faiz texniki inflyasiya yaranmışdı. Respublikamızda həyata keçirilən denominasiya tədbirləri miqyaslı qiymət artımının qarşısını alacaqdır.