Deputat: Azərbaycan Moskva görüşündə öz mövqeyini tam şəkildə təmin etmiş tərəfdir
Bakı, 27 may, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycanın bütün platformalarda maraqlarını tam təmin etməkdədir. Azərbaycanın Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirakı ölkəmizin regional əhəmiyyətini göstərməklə yanaşı, daha geniş əməkdaşlıq üçün yeni imkanların olduğunu da sərgiləyir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Azərbaycanın Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə sıx iqtisadi-siyasi əlaqələrinin mövcud olduğunu diqqətə çatdıran deputat əlavə edib: "Təsadüfi deyil ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə 5 milyard dollara yaxın ticarət dövriyyəsi var. Əlbəttə ki, Azərbaycan iqtisadi və siyasi baxımdan müstəqil ölkədir və Ermənistandan fərqli olaraq heç bir asılılığı yoxdur. Buna görə də Azərbaycan müstəqil xarici siyasət yeritməyə qadirdir".
Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında keçirilən üçtərəfli görüşə də toxunan deputat bildirib ki, görüşdən əvvəl də hər hansı sənədin qəbul edilməsi gözlənilmirdi. Lakin hər üç ölkənin baş nazirlərinin birinci müavinlərinin görüşünün təşkil edilməsi ilə bağlı əldə edilmiş razılaşma mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin irəliyə aparılması üçün texniki məsələlərin həlli istiqamətində əməli addımların atılması vacib razılaşmadır.
Ermənistan baş naziri tərəfindən səsləndirilən yersiz iddialara gəldikdə isə Azərbaycan Prezidenti bu dəfə Nikol Paşinyanı mat vəziyyətində qoydu. Öz siyasi diletantlığı ilə tez-tez gündəm olan Ermənistan liderinin “dəhliz” termini ətrafında uzun müddətdir davam edən spekulyasiyalarına birdəfəlik cavab verildi. Eyni zamanda, Laçın-Xankəndi yolu ətrafında Ermənistanın yalan təbliğatına da tutarlı cavab verildi. Yolun humanitar daşımalar üçün acıq olduğu bəyan edildi. Azərbaycan Prezidenti İlham Əliyevin sərrast cavabları qarşısında çaşqın vəziyyətdə qalan Paşinyan siyasi müstəvidə növbəti uğursuzluğunu yaşadı.
S.Mikayılova əlavə edib ki, Moskva görüşündə Azərbaycan öz mövqeyini tam şəkildə təmin etmiş tərəfdir.
"Moskva görüşü bir daha sübut etdi ki, Azərbaycanın regionda yaratdığı reallıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur və region üçün məhz Azərbaycanın irəli sürdüyü inkişaf planları dəstəklənir", - deyə deputat vurğulayıb.