Deputat: Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr Gürcüstanla əməkdaşlığı daha da gücləndirir
Bakı, 25 oktyabr, AZƏRTAC
Gürcüstan və Azərbaycan rəhbərlərinin görüşü və Prezident İlham Əliyevə göstərilən hörmət, ehtiram və səmimiyyət bir daha bunu deməyə əsas verir ki, Azərbaycan və Gürcüstan arasında olan əlaqələr ən yüksək səviyyədədir. Əlbəttə, bu münasibətlərin dostluq, qardaşlıq zəminində təmin olunması hər iki ölkənin inkişafına da xüsusi töhfə vermiş olar.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov deyib.
O bildirib ki, bu əlaqələr müasir dövrdə regionun inkişafı və əbədi sabitliyi üçün də mühüm önəm kəsb edir. Prezidentin Gürcüstana səfəri çərçivəsində səslənən fikirlər də bunu bir daha təsdiqləyir. Oktyabrın 24-də Gürcüstanın Mçxeta rayonunda Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin mətbuata bəyanatlarla çıxışı zamanı hər iki lider maraqlı məqamlara toxundular. Prezident İlham Əliyev bəyan etdi ki, iki ölkənin strateji tərəfdaşlıq əlaqələri demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıb. Çünki Azərbaycanla Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir. Bu iki qonşu və dost ölkə istər ikitərəfli formatda mühüm addımlar atır, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir. İkitərəfli əməkdaşlıqdan söz düşmüşkən, qeyd etmək lazımdır ki, bu ilin 9 ayında iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Heç şübhəsiz ki, dövlətimizin başçısının da bəyan etdiyi kimi, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr iki dövlət arasındakı əməkdaşlığı daha da gücləndirir.
Deputat qeyd edib ki, Gürcüstan-Azərbaycan əməkdaşlığını xarakterizə edən bir məqam da bir çox önəmli layihələrin reallaşdırılmasıdır. Həmin layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Bəyan edildiyi kimi, bu sırada enerji və qaz ixracı ilə bağlı məsələlər ön sıradadır. Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq fikrindədir. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır. Beləliklə, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə, səfər çərçivəsində bu məsələ diqqət mərkəzində oldu. Yəni, qaz ixracı ilə bağlı görüləcək işlər ikitərəfli formatda müzakirə olundu. Eyni zamanda, bəyan edildi ki, bununla bağlı gələcək müzakirələrə ehtiyac var.
“Bundan başqa o da məlum oldu ki, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Azərbaycan bununla bərabər hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyir. Təbii ki, qaz və enerji ilə bağlı əməkdaşlıq gündəliyində kifayət qədər zəngin maddələr var. Dünyada enerjiyə tələbat artdığı bir zamanda Azərbaycan və Gürcüstan arasında əlaqələr iki ölkənin bir cəbhədə duraraq öz maraqlarını təmin etməsinə imkan verir. Əlbəttə, hazırda Azərbaycan elə bir gücdədir ki, onunla strateji, iqtisadi və sair sahələrdə tərəfdaşlıq ancaq həmin dövlətin xeyrinə atılmış addım olar. Çünki Azərbaycan həm həyata keçirdiyi layihələrdə, həm də digər məsələlərdə sözünə sahib olan və inanılmış bir tərəfdaşdır”, - deyə Vüqar İskəndərov vurğulayıb.