SİYASƏT
Deputat: Bu, müstəqil Azərbaycanın tarixində ən böyük əfv aktıdır
![Deputat: Bu, müstəqil Azərbaycanın tarixində ən böyük əfv aktıdır](/files/2023/2/1200x630/16835489153862714513_1200x630.jpg)
Bakı, 8 may, AZƏRTAC
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan tarixində ən böyük əfv aktıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib.
O bildirib ki, çoxlu sayda ailəni sevindirən bu Sərəncam humanizm, insanpərvərlik, insan hüquqlarının daha yaxın qorunması kimi dəyərlərlə yanaşı, sosial baxımdan da vacibdir. Əfv olunmaq həmin vətəndaşlarımızın cəmiyyətə sosial inteqrasiyası və onların öz ailələrinə maddi dəstəyi baxımından da önəmlidir. Xüsusən də ailə üzvünün məhkumluq həyatına görə sosial vəziyyəti pisləşmiş ailələr üçün bu, xüsusi dəstək kimi xarakterizə oluna bilər. “İnanırıq ki, əfv olunan vətəndaşlarımız üçün bundan sonra qanunun aliliyini qorumaq, cəmiyyətə reinteqrasiya olunmaq, öz ailəsinə və dövlətinə dəstək nümayiş etdirmək əsas hədəf olacaq”, - deyə V.Bayramov qeyd edib.