Deputat: Ədalətli mövqeyimizi dünyaya çatdırmaqla Qərbi Azərbaycana qayıdışımızı təmin edəcəyik
Bakı, 26 dekabr, AZƏRTAC
Qərbi Azərbaycan azərbaycanlıların tarixi və əzəli torpağıdır. Burada yaşayan azərbaycanlılar zaman-zaman etnik təmizlənməyə məruz qalmış, öz doğma torpaqlarından didərgin düşməyə məcbur edilmişdir. Son etnik təmizləmə 1988-1991-ci illərdə baş vermişdir. Ermənilər düşünülmüş şəkildə 300 minə yaxın azərbaycanlını öz doğma yurdlarından deportasiya etməklə Ermənistanı monoetnik ölkəyə çeviriblər. Onlar azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini qarət etmiş, dağıtmış və xarabalığa döndərmişlər. Soydaşlarımızın tərk etdikləri yaşayış məntəqələrinin əksəriyyətində indi yaşayış yoxdur və xarabalığa çevrilmiş şəkildə qalmaqdadır. Bu, o deməkdir ki, Qərbi Azərbaycan özünün əzəli sakinlərinin yolunu gözləyir. Xalqımız öz doğma diyarı olan Qərbi Azərbaycanı heç vaxt unutmur və geriyə, öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayır. Qarabağı düşmən işğalından azad etməyimizdən sonra heç oranı görməyən azərbaycanlıların öz doğma yurdlarına qayıtmağına olan ruh yüksəkliyi bu fikri söyləməyimizə imkan verir. Bu bölgənin bütün nümayəndələri doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Prezident İlham Əliyevin öz xalqını, Vətənini və torpağını sevən ölkə rəhbəri olduğunu vurğulayan deputat bildirib: “Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan qalib ölkəyə çevrilib, uzun illər ermənilər tərəfindən işğala məruz qalmış torpaqlarımız özümüzə qaytarılıb. Torpaqlarımız erməni işğalı altında olduğu dövrdə, yəni, 2010-cu ildə Prezident İlham Əliyev Qarabağ icmasının binasının açılışı zamanı qeyd etmişdi: “Bu, sizin üçün müvəqqəti bir qərargahdır. Torpaqlarımız işğalçılardan azad olunandan sonra sizin üçün yeni gözəl binalar Qarabağda tikiləcəkdir. Mən buna şübhə etmirəm və tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu ədalətsizliyə son qoyulacaqdır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaqdır”. Artıq bu məsələ həllini tapdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gündə ermənilərin 30 illik işğalına son qoyaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu gün isə işğaldan azad edilən ərazilərimiz yenidən qurulub bərpa olunur, oraya Böyük Qayıdış həyata keçirilir. Vaxtilə öz doğma yurdlarından qaçqın düşmüş vətəndaşlarımızın mərhələli şəkildə yurdlarına qaytarılmasına başlanılıb. Prezident İlham Əliyev keçmiş məcburi köçkünlərimizin arzularını reallaşdırır və ermənilərin 30 ildə xaraba qoyduğu yurd yerlərimiz bərpa edilərək yenidən cənnətə çevrilir”.
İndiki hədəfimizin tarixi torpağımız Qərbi Azərbaycana qayıtmaq olduğunu xatırladan deputat qeyd edib ki, Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcması üçün inzibati binasında yaradılmış şəraitlə tanış olduqdan sonra Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşərək onların qarşısına mühüm vəzifələr qoydu. Əslində, bu vəzifələr qaçqınlarımızın doğma yurdlarına qayıtmaları üçün müəyyən olunmuş yeni hədəflərdir. Bu mənzil-qərargah Qərbi Azərbaycanın tarixini və azərbaycanlıların üzləşdiyi ədalətsizlikləri və fəlakətləri dünya ictimaiyyətinə tanıtmaq baxımından mərkəz rolunu oynayacaq. Qərbi Azərbaycanda ermənilərin törətdikləri vandallıqları, tarixi, dini və mədəni abidələrin necə məhv edildiyini dünya ictimaiyyəti bilməlidir. Biz öz ədalətli mövqeyimizi dünyaya çatdırmaqla Qərbi Azərbaycana qayıdışımızı təmin etməliyik. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Aprel əməliyyatından sonra artıq Naxçıvan dağlarını, məcburi köçürülmüş yaşayış məntəqələrimizi binoklsuz görə bilirik. Təbii ki, bu başlanğıcdır. Hədəf isə Qərbi Azərbaycana qayıtmaqdır.
“Prezident İlham Əliyevin dediyi hər bir söz real həyatda öz əksini tapıb. Hesab edirəm ki, Qərbi Azərbaycana qayıtmağımıza da çox az qalıb. Ona görə də Qərbi Azərbaycan İcması üçün müasir şəraitli inzibati binanın istifadəyə verilməsi və burada məqsədyönlü fəaliyyətə başlanılması gələcək hədəflərimizə çatmaq üçün çox əhəmiyyətli olacaq”, - deyə A.Badamov diqqətə çatdırıb.