SİYASƏT
Deputat: Ermənistan “suverenliyinin alveri” siyasətini davam etdirir
Bakı, 1 noyabr, AZƏRTAC
Soçi görüşünü Ermənistanla Azərbaycan arasında sülhə aparan növbəti addım kimi dəyərləndirmək çətindir. Rusiya isə bu prosesdə vasitəçi rolunu itirməməyə çalışır, onun bu addımı da Azərbaycan və Ermənistandan daha çox, Qərblə münasibətləri ilə əlaqəlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.
Deputat qeyd edib ki, Soçi görüşü Rusiya ilə Qərb arasında əlaqələrin dinamikasını əks etdirir. Əslində bu dinamika Azərbaycanın deyil, Ermənistanın üzərində qurulub. Bu görüş faktiki olaraq, Ermənistanı Rusiyaya, ya da Qərbə “dartmaq” prosesidir.
“Ermənistanın hazırkı vəziyyəti və orada baş verən proseslər, onların mövqeyindəki qeyri-stabillik bütün regiona təsir edir və Azərbaycan da hər şeyə hazır olmalıdır. Ermənistan hər zaman olduğu kimi “suverenliyinin alveri” siyasətini davam etdirir. Bu gün rəsmi İrəvanın bütün planları güclü dövlət qurmaq deyil, xarici siyasət avantüraları üçün sponsor tapmaq üzərində qurulduğu üçün, onların gələcəyə baxışı mövcud deyil”, - deyə N.Arpadarai vurğulayıb.
O əlavə edib ki, Ermənistanın cari siyasəti istər-istəməz onun dövlətçiliyinin daha da zəifləməsinə gətirib çıxaracaq. Nəzəri cəhətdən biz azərbaycanlıları bu məsələ bir o qədər maraqlandırmır. Bununla belə, regionda suverenliklə alver edən qeyri-sabit qonşunun olması ciddi risk mənbəyidir.
Soçi bəyannaməsi isə növbəti dəfə Azərbaycanın mövqeyini nümayiş etdirdi. Belə ki, Qarabağ münaqişəsi artıq bitib, digər məsələlər isə ölkəmizin daxili işidir mesajı bir daha verildi.