Deputat: “Heydər Əliyev İli” çərçivəsində imzalanmış Əfv Sərəncamı xüsusi əhəmiyyətə malikdir
Bakı, 8 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin və xalqının xilaskarıdır. Ölkəmizdə demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində Heydər Əliyevin misilsiz xidmətləri olub. Həmçinin Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin mərkəzində insan hüquq və azadlıqlarının qorunması, humanizm, mərhəmət və insanpərvərlik ənənələri əsas yer tuturdu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
“Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Prezident İlham Əliyev tərəfindən 801 nəfəri əhatə edən Əfv Sərəncamının imzalanması yüzlərlə ailəni sevindirməklə yanaşı, Ulu Öndərin ruhunu şad edir. Bu Sərəncamın əhatə dairəsinə görə müstəqillik və dövlətçilik tariximizdə ən böyük əfv sənədi olması dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə böyük hörmət və ehtiramın göstəricisidir”, - deyə deputat qeyd edib.
O bildirib ki, Ümummilli Liderin doğum günü ərəfəsində belə əhatəli bir Əfv Sərəncamının imzalanması həm də Heydər Əliyevin əsasını qoyduğu humanizm prinsiplərinin və demokratik hüquqi dövlətçilik ənənəsinin davamı kimi dəyərləndirilir. Bununla əfv olunmuş şəxslərə vaxtından əvvəl normal həyata qayıtmaq və cəmiyyətdə yenidən özlərini təsdiq etmək imkanı yaradılır. “Heydər Əliyev İli” çərçivəsində imzalanmış bu Sərəncam xüsusi əhəmiyyətə malikdir və Ulu Öndərin “Nə qədər ki, Azərbaycan var, mən də varam” müdrik kəlamının real həyatda ifadəsidir.