Deputat: İranın son açıqlamaları və diplomatik davranışları bir-birinə uyğun gəlmir
Bakı, 17 noyabr, AZƏRTAC
İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı vəziyyət dəyişib və regionun gələcək inkişafı üçün nadir imkanlar yaranıb. Bu imkanlar xüsusən də yeni kommunikasiyaların açılmasını, nəqliyyat dəhlizlərinin yaradılmasını şərtləndirir. Region ölkələrinin birgə əməkdaşlığı sayəsində həyata keçiriləcək müştərək layihələr əlbəttə ki, ilk növbədə, bölgənin sürətli inkişafı üçün real zəmin yarada bilər. Lakin belə bir şəraitdə İran tərəfi artıq mütəmadi olaraq Azərbaycanı müəyyən məsələlərdə ittiham etməyə, ərazi iddiaları irəli sürməyə, ölkəmizdə casus şəbəkəsi yaratmağa cəhd edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.
O bildirib ki, Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra bərpa edir və İran da bunu gələcəkdə Azərbaycanın mövqeyinin bölgədə güclənməsi kimi görür. “Məlumdur ki, rəsmi Tehran ilk gündən Azərbaycanla Ermənistan arasında münaqişəyə qarışıb və bu məsələdə subyektiv, eyni zamanda, qaranlıq olan maraqlarından çıxış edib. Amma biz hər zaman olduğu kimi yenə də İranla münasibətləri açıq və şəffaf şəkildə tənzimləyirik. Yəni, ölkəmiz İranla dostluq münasibətləri qurmaq istəyir. Biz İranla və digər ölkələrlə problem yaşamaq istəmirik. İran bunu deyəcəksə, biz də İranla bağlı siyasətimizə baxa bilərik. Ancaq reallıq budur ki, İranın son açıqlamaları ilə diplomatik davranışları uyğun gəlmir”, - deyə A.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, sözdə dostluq münasibətində olan İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçməklə, İran səfiri Ermənistan-Azərbaycan sərhədinə gedərək oradan Azərbaycan tərəfə baxmaqla, Ermənistana silah verməklə, öz mediasında Azərbaycanın ünvanına hədyanlar və ittihamlar yağdırmaqla, ölkəmizdə casus şəbəkəsinin əhatə dairəsini genişləndirməklə bir daha hansı mövqedə olduğunu göstərmiş oldu. Bu, təbii ki, bizim üçün anlaşılmazdır və İranın Azərbaycan əleyhinə olan mövqeyidir.
“Tehrandan verilən açıqlamalar göstərir ki, İran qonşuluq münasibətlərində bütün qırımızı cizgiləri aşıb və iki ölkə arasındakı münasibətlərdə dərin bir boşluq yaradıb. Yaxşı olardı ki, bütün bunların fonunda Azərbaycan tərəfindən sərt reaksiya gələnə qədər rəsmi Tehran ölkəmiz əleyhinə aparılan ideoloji təbliğatı dayandırsın, axtarışda olan cinayətkarları vaxtında Azərbaycan tərəfinə təhvil versin”, - deyə Anar Məmmədov vurğulayıb.