Deputat: Kommunikasiyaların açılması üçün Ermənistan Azərbaycana qarşı düşmənçilikdən çəkinməlidir
Bakı, 26 may, AZƏRTAC
Mayın 25-də Moskvada Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşündə müzakirə olunan əsas məsələlərdən biri də iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı idi. Müzakirələr zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın mənasız və yersiz replikalarından aydın görünürdü ki, görüş əsnasında hər hansı bir sənəd imzalanmayacaq. Çünki N.Paşinyan ölkələr arası münasibətlərin tənzimlənməsi reallığından uzaqdır və yenə də özünəməxsus şəkildə Azərbaycana ittiham dolu iftiralar ünvanlamaqda davam edir. Əgər Ermənistan sülh müqaviləsini imzalamaqda maraqlı olsaydı, N.Paşinyan Azərbaycanı yersiz yerə ittiham etmək fikrindən daşınar və konstruktiv mövqe sərgiləyərdi. Təbii ki, bu baş vermir. Əvəzində guya Laçın yolunun bağlanması ilə bağlı Azərbaycana əsassız ittihamlar ünvanlayır və Xankəndi ilə Bakı arasında münasibətlərin tənzimlənməsi məsələsinin beynəlxalq səviyyədə həyata keçirilməli olduğunu qeyd edərək, sülh danışıqlarını yenə də eyni nöqtədə saxlamağa çalışır. Halbuki, Azərbaycan Qarabağda yaşayan erməniləri öz sakinləri hesab edir və ölkədaxili məsələlərin heç kimlə müzakirə olunmayacağını dəfələrlə bildirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Müxtəlif formatlarda keçirilmiş üçtərəfli görüşlərdə müəyyən irəlliləyişlərin əldə olunduğunu qeyd edən deputat deyib: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin birinci müavinləri tərəfindən gələn həftə anklavların qaytarılması, sərhədlərin delimitasiyası və demarkasiyası, o cümlədən kommunikasiyaların açılması ilə bağlı məsələlərin müzakirə ediləcəyi və ümumi bir qərara gəlinəcəyi gözlənilir”.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinin müəyyən zaman tələb edəcəyini düşündüyünü söyləyən A.Badamov qeyd edib ki, kommunikasiyaların açılması və ölkələrarası münasibətlərin formalaşması üçün Ermənistan Azərbaycana qarşı düşmənçilikdən, yeni təxribatlar törətməkdən əl çəkinməli, münasibətləri sülhə aparacaq istiqamətdə siyasət yürütməyə başlamalıdır. Əks təqdirdə, kommunikasiyaların açılması məsələsi həll olunmayacaq. Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti ərazilərimizdən çıxarılandan sonra isə Azərbaycan Ermənistanla sərhədini tamamilə bağlamaq məcburiyyətində qalacaq. Bu da Ermənistanın dünyadan təcridini daha da dərinləşdirəcək.