Deputat: Milli Konstitusiyamız ölkəmizin müstəqilliyinin, demokratikliyinin və inkişafının fundamental əsasını təşkil edir
Bakı, 12 noyabr, AZƏRTAC
İyirmi altı il bundan əvvəl Azərbaycanın müasir tarixində müstəqillik, suverenlik, demokratiya və dünyəvilik kimi vacib dəyərlərin əbədi və dönməz olduğunu bəyan edən ölkəmizin Əsas Qanunu - Konstitusiyası qəbul edildi. Dövlət müstəqilliyi bərpa olunduqdan sonra bu tarixi sənədin müəllifi, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmiş əsaslı və məqsədyönlü islahatlar dövlətimizi inkişaf yoluna çıxartdı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna zəmin yaradan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Deputat qeyd edib ki,1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya xalqımızın inkişafı naminə müasir, müstəqil, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi reallaşdırdı. Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Bu Konstitusiyanın ən əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının tam müstəqilliyini, ərazi bütövlüyünü, Azərbaycan xalqının hüquqlarının toxunulmazlığını, vətəndaşlarımızın hər birinin hüquqlarının qorunmasını və Azərbaycan xalqının, respublikamızın bölünməzliyinin, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir”.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən başlıca və mühüm hadisələrindən biri olmaqla yanaşı, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında ən böyük və əhəmiyyətli xidmətlərindən biri oldu. Bu tarixi sənəd müstəqil dövlət quruculuğunun tənizmlənməsini, demokratik inkişafın təşviq edilməsini, vətəndaş cəmiyyətinin bərqərar olunmasını özündə ehtiva etdi, ölkədə mükəmməl və mütərəqqi qanunvericilik bazasının formalaşdırılmasına yol açdı.
K.Bayramovun sözlərinə görə, Konstitusiyanın qüvvədə olduğu 26 illik dövr ərzində onun müddəalarının həyata keçirilməsində zəngin təcrübə toplandı, ölkəmizin ali qanunvericilik sənədində əks olunmuş konsepsiyalar inkişaf etdirilərək güclü sosial dövlətin yaradılmasına, inkişaf etmiş iqtisadiyyatın qurulmasına, vətəndaşlarımızın hüquqlarının səmərəli müdafiəsinə xidmət edən çoxsaylı normativ hüquqi aktlar qəbul edildi.
Azərbaycan Respublikası Konstitusiyasının xarakterik cəhətlərindən biri onun sabit olmasıdır. Bununla belə, cəmiyyətimizin sürətli inkişafı ölkənin əsas qanununun da təkmilləşdirilməsini zəruri etdi. Belə ki, 2002-ci və 2009-cu illərdə keçirilmiş referendumlar, habelə qəbul edilmiş bir sıra konstitusiya qanunları vasitəsilə Konstitusiyaya insan hüquqlarının qorunmasının və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəlmiş mühüm dəyişiklik və əlavələr edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ildə keçirilmiş referendumla isə Konstitusiyada üçüncü dəfə edilmiş əlavələr və dəyişikliklər ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə güclü zəmin yaratdı.
K.Bayramov, həmçinin qeyd edib ki, universal dəyərlərə əsaslanan milli Konstitusiyamız ölkəmizin müstəqilliyinin, demokratikliyinin və inkişafının fundamental əsasını təşkil edir və bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir.