DƏYİRMİ MASADA REABİLİTASİYA MƏRKƏZLƏRİNİN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, fevralın 7-də Beynəlxalq Mətbuat Mərkəzində “Göy Qurşağı” Əlil Uşaqların Reabilitasiya Mərkəzi ilə Estoniyanın “Day Care Centre Kao” Dövlət Günərzi Qayğı Mərkəzinin mütəxəssislərinin Azərbaycanda əlillik sahəsində xidmət göstərən reabilitasiya mərkəzlərinin mütəxəssisləri ilə əməkdaşlığına həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Tədbirdə təhsil nazirinin müavini İradə Hüseynova Azərbaycanda əlilliyi olan uşaqlara göstərilən dövlət qayğısından danışmışdır. Natiq vurğulamışdır ki, son illər ərzində əlil və fiziki cəhətdən qüsurlu uşaqların mövcud problemlərinin həlli istiqamətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva mühüm işlər görür.
İ.Hüseynova demişdir ki, ölkənin hazırda internat məktəblərində, uşaq evlərində qalan uşaqların sayı təqribən 5 min nəfərdir və onların təlim-tərbiyəsi ilə ciddi məşğul olunur.
Bildirilmişdir ki, Azərbaycanda 48 internat məktəbi fəaliyyət göstərir ki, onların da müasir avadanlıqla təchiz edilməsi daim diqqət mərkəzində saxlanılır.
Dəyirmi masada “Göy Qurşağı” Əlil Uşaqların Reabilitasiya Mərkəzinin direktoru Yeganə Məmmədəliyeva, Estoniyanın “Day Care Centre Kao” Dövlət Günərzi Qayğı Mərkəzinin direktoru Yane Podre və başqaları çıxış edərək qarşılıqlı əməkdaşlıq çərçivəsində bir sıra problemlərin həlli istiqamətində iş aparılmasının vacibliyini vurğulamışlar.
Tədbirdə beynəlxalq donorların maliyyə dəstəyi ilə fəaliyyət göstərən reabilitasiya mərkəzlərinin maliyyələşdirmə mexanizmi, sosial reabilitasiya mərkəzlərinin modeli, idarəetmə, metodologiya və mütəxəssislərin beynəlxalq standartlara uyğun xidmət göstərmək bacarıqlarına yiyələnmələri sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı geniş müzakirələr aparılmışdır.