Diaspor gəncləri beynəlxalq təşkilatların diqqətini Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsinə cəlb ediblər
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycan Diaspor Gəncləri Şəbəkəsi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor gəncləri təşkilatları ilə birgə Ermənistan və Almaniya şirkətləri tərəfindən Oxçuçayın çirkləndirilməsi ilə bağlı beynəlxalq təşkilatlara etiraz bəyanatı ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-İtaliya Gənclər Assosiasiyası, Mədəniyyətlərarası Əlaqələr üçün Gənclər Birliyi, Norveç-Azərbaycan Gənclər Təşkilatı, Şimali Amerika-Azərbaycan Gənclər Təşkilatı, Litva-Azərbaycan Gənclər Təşkilatı, Azərbaycan-Macarıstan Gənclər Birliyi, Fransadakı Xəzər Araşdırmalar Mərkəzi və Azərbaycanlı Tələbələr Assosiasiyası, Finlandiyadakı "Azər-Türk" Gənclər Təşkilatı, "İrs" Estoniya-Azərbaycan Gənclər Mərkəzi, Şimali Kipr Türk Respublikasındakı Kipr-Azərbaycan Diaspor Mərkəzi, Belarusdakı "Azərbaycan İcmaları Konqresi"nin Gənclər təşkilatı, Ukrayna Azərbaycanlılarının Gənclər Radası, “Moldova Azərbaycanlıları Konqresi” nəzdindəki Gənclər təşkilatı və Sankt-Peterburq şəhərindəki "Azərbaycan milli-mədəni muxtariyyəti"nin Gənclər İttifaqı tərəfindən imzalanan bəyanat BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə regional koordinatoru Metyu Billota, proqramın regional koordinatorlarına, BMT-nin Avropa İqtisadi Komissiyasının məlumat mərkəzinə, Ətraf mühit üzrə direktoru Marko Keynerə, UNECE-nin konvensiya katibləri Sonya Koeppelə və Tea Aulavuoya, eləcə də müxtəlif beynəlxalq təşkilatların, o cümlədən “Greenpeace”in regional ofislərinə və katibliklərinə ünvanlanıb.
Bəyanatda adıçəkilən təşkilatların diqqəti Azərbaycanın Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən zəhərli tullantılarla çirkləndirilməsinə cəlb edilib. Bu səbəbdən ekosistemə və bioresurslara vurulan ciddi ziyan, çay sularından suvarmada istifadənin təhlükəliliyi, Ermənistanın 1992-ci ildə imzalanmış Helsinki Konvensiyasına qoşulmaması və öhdəliklərdən yayınması barədə ətraflı məlumat verilib.
Azərbaycanlı gənclər beynəlxalq qurumları bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməyə çağırıblar.