Diaspor üzvlərimiz Niderlandda poçt markalarının çapına başlayıblar
Rotterdam, 21 mart, AZƏRTAC
Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri ölkəmizin tanıtımı istiqamətində bir çox layihələr hazırlayıblar.
AZƏRTAC xəbər verir ki, bir çox diaspor assosiasiyaları fərdi layihələrindən əlavə, Niderlandda olan bütün diaspora üzvlərini birləşdirən Koordinasiya Şurasında bir araya gələrək birgə layihələrə də start veriblər. Koordinasiya Şurası cari il ərzində Azərbaycana, eləcə də ölkəmiz üçün vacib olan sahələrə dair poçt markalarının çap edilərək, Niderland Krallığında yayılmasını təşkil ediblər. Şura üzvləri tərəfindən Xocalı faciəsi ilə bağlı poçt markaları artıq çap olunub. Novruz bayramı və 31 mart soyqırımı ilə bağlı markaların dizaynı hazırlanıb çapa göndərilib. 31 martla bağlı markalarda soyqırımını əks etdirən şəkillər veriləcək.
Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarımızın üzvləri bu vacib təşəbbüsə görə Koordinasiya Şurasına, dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürlərini bildiriblər.
Niderlandda olan diaspor üzvləri daim bir araya gələrək, yeni layihələrin hazırlanmasını və həyata keçirilməsini birlikdə müzakirə edirlər. Azərbaycanın bu ölkədə yaxından tanıdılması istiqamətində səylərini əsirgəmirlər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rotterdam