Dilçilik İnstitutunda “Xəzərlərin dil xüsusiyyətləri” mövzusunda məruzə dinlənilib
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli mövzunun aktuallığından danışıb. Bildirib ki, Xəzər dövləti öncə Dağıstanın cənubunda təşəkkül tapıb və Azərbaycanın şimal əraziləri uzun müddət bu dövlətin tərkibinə daxil olub. Professor qeyd edib ki, dünyanın müxtəlif ölkələrində xəzərlər və onların qurduğu möhtəşəm dövlət barədə yüzlərlə araşdırma əsərlərinin yazılmasına baxmayaraq, bu mövzu alimlər və yazıçılar arasında hələ də böyük mübahisələr doğurur.
Seminarda Mahmud Kaşğari adına Beynəlxalq Fondun rəhbəri yazıçı Elxan Zal Qaraxanlının “Xəzərlərin dil xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib. O bildirib ki, Böyük Türk xaqanlığının davamı hesab edilən Xəzər xaqanlığı dünyanın əksər böyük tədqiqatçıları tərəfindən orta əsrlərin ilk çağlarında mövcud olmuş ən möhtəşəm dövlətlərdən biri hesab edilir. Xəzərlərə aid yazılı mənbələrin tapılmaması, arxeoloji qazıntılar zamanı onlara aid ərazilərdə tapılmış türk-runik hərfləri ilə kiçik mətnlərin yazıldığı dövr haqqında yekdil fikrin olmaması, tədqiqatçılar arasında xəzər dilinə dair müxtəlif mülahizələrin yaranmasına səbəb olmuşdur. Xəzər dilinə aid məlumatlara əsasən ərəb, fars, yəhudi, yunan dillərində olan mətnlərdə rast gəlinir. Xəzər dilində işlənən bir sıra sözlər Azərbaycan dilində bu gün də işlənir: şad, dağ, çiçək, xanlıq və sair.
Elmi seminarın sədri professor Sayalı Sadıqova qeyd edib ki, Elxan Zal Qaraxanlı öz axtarışlarında tarixin daha dərin qatlarına enə bilir və qədim xəzərləri müəyyən etməyə çalışarkən hətta “Avesta” və “Bibliya” mətnlərinə də müraciət etməkdən çəkinmir.
Professorlar Qəzənfər Kazımov, Qəzənfər Paşayev və İsmayıl Kazımov, dosentlər Qətibə Quliyeva, Şəbnəm Həsənli Qəribova, Xədicə Heydərova və başqaları seminarın mövzusu ilə bağlı fikirlərini bildiriblər.