Dmitri Kiselyov: “İlham Əliyevin siyasi müdrikliyi ölkənin və xalqın yaxşı perspektivlərinə təminat verir”
Moskva, 20 mart, AZƏRTAC
“Bu ilin iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunları Azərbaycanın bütün sahələrdə sürətlə yüksəlişini sübut edir”.
Bu sözləri “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov Rusiyanın “Vestnik Kavkaza” agentliyinin müxbiri ilə söhbətində deyib.
“Məndə birinci Avropa Oyunlarına dəvətnamə var. Hətta bu yaxınlarda Azərbaycanda oldum və yarışlara hazırlığı müşahidə etdim. Bütün bunlardan məndə ən xoş təəssürat qalıb. Sözün düzü, Azərbaycanın inkişaf etməsindən, respublikada hökm sürən gözəl mühitdən məmnun olmuşam. Azərbaycana birlikdə getdiyim həyat yoldaşım Maşada da həmin səmimi hisslər qalıb. Təəssüf ki, biz ancaq Bakıda olduq. Lakin Azərbaycanın paytaxtı Avropanın digər şəhərlərindən daha çox xoş təəssürat yaradır” - deyə D.Kiselyov qeyd edib.
Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında münasibətlər nəinki gələcəyin böyük, həm də “indinin böyük” potensialına malikdir.
“Yaxın vaxtlarda keçirilmiş, Rusiya və Azərbaycanın həqiqətən də vahid, tamdəyərli, yüz faiz müttəfiq olduqları Xəzər forumunu xatırlamaq kifayətdir. Bu iki ölkə arasındakı münasibətlərdə hər hansı problem yoxdur. Bu isə ilk dəfə Xəzər dialoqu çərçivəsində müəyyən razılaşmaların əldə olunmasına kömək etdi”, - deyən D.Kiselyov bu işdə Azərbaycan Prezidenti İlham Əliyevin səylərini xüsusilə vurğulayıb.
D.Kiselyov fikrini tamamlayaraq deyib: “Mən burada Azərbaycan Prezidenti cənab İlham Əliyevin rolunu xüsusi qeyd etmək istəyirəm. O, xaraktercə sözünün üstündə duran insandır. Bu gün hətta dünyanın nəhəng dövlətlərinin liderlərində bu keyfiyyət yoxdur, İlham Əliyev isə onu nümayiş etdirir ki, çoxları ondan öyrənə bilər. Fikirləşirəm ki, elə bu keyfiyyət də Vladimir Putin və İlham Əliyev arasında səmimi və etibarlı münasibətləri irəlicədən müəyyən edir. Onların hər ikisi bilir ki, hər zaman bir-birinə arxalana, qarşılıqlı öhdəlikləri anlaya və yerinə yetirə bilərlər. Deyərdim ki, İlham Əliyevin mətinliyi və Azərbaycanda əmin-amanlığı qoruyub saxlayan siyasi müdrikliyi ölkənin və xalqın yaxşı perspektivlərinə təminat verir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ən xüsusi müxbiri
Moskva