“DOST xonçası” kampaniyası çərçivəsində Şəkidə aztəminatlı ailələrə bayram sovqatı paylanılıb
Şəki, 16 mart, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başladığı “DOST xonçası” kampaniyasına Mədəniyyət Nazirliyi də qoşulub. Aksiyanın keçirilməsində məqsəd evlərində tənha yaşayan ahılların, həssas qruplardan olan digər insanların, aztəminatlı ailələrin qapılarını Novruz xonçası ilə açmaq, onlarla bayramlaşmaq, ailələrə xoş ünsiyyətlə bir bayram ovqatı bəxş etməkdən ibarətdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihəyə dəstək məqsədilə Şəki Regional Mədəniyyət İdarəsinin kollektivi Şəki şəhərində yaşayan aztəminatlı İsayevlər ailəsinə, həmçinin şəhərin “Otaq eşiyi” məhəlləsində kirayə qalan Şərifovlar ailəsinə baş çəkərək, onları bayram hədiyyələri ilə sevindiriblər. Bu addım xalqımızın qədim tarixə malik mili-mənəvi dəyərlərinə, Novruz adətlərinə sıx bağlılığından, ahıl insanlara, həssas qruplara qayğıkeş münasibətindən irəli gəlir.
Qeyd edək ki, “DOST xonçası” cəmiyyətdə bir aksiya kimi deyil, artıq ənənə kimi qəbul olunur.