Dövlət dəstəyinə baxmayaraq, İsveç hökumətinin iqtisadi siyasətinə inam azalır
Stokholm, 29 iyun, AZƏRTAC
İsveç sakinləri həm öz maliyyə vəziyyətlərinin, həmçinin ölkə iqtisadiyyatının perspektivlərini daha nikbin qiymətləndirməyə başlayıblar.
AZƏRTAC xəbər verir ki, “Ipsos” şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən, getdikcə daha çox vətəndaş yaxın bir il ərzində maliyyə vəziyyətinin yaxşılaşacağını gözləyir, pisləşəcəyini proqnozlaşdıranların sayı isə azalıb.
Ekspertlər nikbinliyin artmasını, ilk növbədə, İsrail, ABŞ və İran arasında yaşanan gərginlikdən sonra beynəlxalq vəziyyətin sabitləşməsi ilə əlaqələndirirlər. Bundan əlavə, yanacağın qiyməti aşağı düşüb, ailə büdcələrinə təsirlər isə gözlənildiyindən daha az olub.
Dövlətin əhaliyə dəstək məqsədilə, o cümlədən elektrik enerjisinə görə kompensasiyalar verməsi və ərzaq məhsullarına tətbiq olunan əlavə dəyər vergisinin (ƏDV) azaldılması üçün milyardlarla vəsait xərcləməsinə baxmayaraq, hökumət vətəndaşların ölkənin iqtisadi siyasətinə inamını əhəmiyyətli dərəcədə gücləndirə bilməyib. Araşdırmanın nəticələrinə görə, Nazirlər Kabinetinin fəaliyyətindən narazı qalanların sayı hələ də onu müsbət qiymətləndirənlərdən xeyli çoxdur.
“Ipsos” analitiklərinin sözlərinə görə, parlament seçkiləri ərəfəsində iqtisadi siyasət hökumətin ən zəif tərəfi olaraq qalır. Seçicilərin qiymətləndirmə meyarları bir çox hallarda onların siyasi baxışlarından asılı olsa da, hakim koalisiya hələlik öz siyasətini dəstəkləyənlərlə tənqid edənlər arasındakı fərqi azaltmağa nail ola bilmir.
Sorğu, həmçinin göstərib ki, isveçlilərin əksəriyyəti hələ də ölkənin avroya keçməsinin əleyhinədir. 2023-cü ildə skeptik münasibətin müvəqqəti azalmasından sonra vahid Avropa valyutasına dəstək yenidən zəifləyib, onun tətbiqinə qarşı çıxanların sayı isə artmaqda davam edir.